ELM VƏ TƏHSİL
Alimlərimiz almaniyalı həmkarları ilə birgə Azərbaycan neftinin öyrənilməsi üzrə tədqiqatlar aparırlar
Bakı, 30 yanvar, M.Dadaşov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universiteti ilə biosidlər sahəsində, Rusiya Federasiyası Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutu ilə antioksidantlar sahəsində birgə elmi tədqiqatlar aparır. Hazırda Aşqarlar Kimyası İnstitutu ilə Almaniyanın Aaxen Texniki Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən, Azərbaycan neftinin biomarkerlərinin öyrənilməsi üzrə işlər gedir. Bundan əlavə, Almaniyanın Qissan Universiteti ilə birgə davamlı üzvi çirklənmələrin Azərbaycanın çay sularına təsiri ilə bağlı araşdırmalar aparılır.
Bu barədə AZƏRTAC-a institutun direktoru, akademik Vаqif Fərzəliyev məlumat verib.
Ötən il Türkiyənin İzmir şəhərində ezamiyyətdə olduğunu deyən akademik vurğulayıb ki, “Fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi” multidisseplinar elmi-tədqiqat proqramı çərçivəsində AKİ ilə EGE Universiteti arasında elmi əlaqələr müzakirə edilib. Onun sözlərinə görə, EGE Universitetinin elm fakültəsinin kimya bölməsi ilə AKİ arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub.
V.Fərzəliyev qeyd edib ki, AKİ-nin əməkdaşları, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və İtaliya alimləri ilə birgə zərif üzvi sintez vasitəsilə xərçəngtörədici enzimlərin inhibitoru kimi yüksək xassəyə malik yeni fizioloji-fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində tədqiqatlar da aparırlar. Tədqiqatların nəticələri Avropanın yüksək impakt faktorlu jurnallarında dərc olunur.