ELM VƏ TƏHSİL
Alimlərimiz termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədilə tədqiqatlar aparırlar VİDEO
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədilə tədqiqatlar aparır.
Bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər əmindirlər ki, termal sular yüksək enerji potensialına malikdir. Həmçinin yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür. Bu cür texnologiyalar dünyada mövcuddur və özünü doğrultmuşdur.
AMEA-nın Geologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədqiqatlar “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun aparılır və məqsəd tükənməyən enerji əldə etməkdir.
İşlər institutun hidrogeologiya və mühəndis-geologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun rəhbərliyi ilə həyata keçirilir. O qeyd etmişdir ki, hazırda Geologiya İnstitutu alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirildikdən sonra quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır.
Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasili Lavruşin ilə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Çünki su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir. Həmçinin yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan yaradır.