ELM VƏ TƏHSİL
Alimlərimizin İKT sahəsində elmi nəticələri Beynəlxalq Beyin Mərkəzinə təqdim olunacaq
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin nümayəndələri Sansar Sosorbaram və Barney Tan ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Beynəlxalq Beyin Mərkəzinə üzv ölkələr arasında İKT-nin inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi, seminar və konfransların təşkil olunması ilə bağlı müzakirələr aparılıb.
Qonaqlar İnformasiya Texnologiyaları İnstitutu ilə müvafiq sahədə birgə tədqiqatların aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatlar barədə danışıb. Bildirib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır.
Alim, həmçinin informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açıb. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırılıb.
İnformasiya Texnologiyaları İnstitutunun İKT sahəsində əldə etdiyi və geniş tətbiq imkanları olan elmi nəticələrinin Beynəlxalq Beyin Mərkəzinə təqdim olunmasına qərar verilib.
Qeyd edək ki, açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsü Monqolustan Prezidenti tərəfindən irəli sürülüb. BMT-nin də dəstəklədiyi bu layihə Azərbaycan da daxil olmaqla açıq dənizə çıxışı olmayan 32 ölkə arasında sazişin imzalanmasını nəzərdə tutur. Mərkəzin baş qərargahı Monqolustanın paytaxtı Ulan-Batorda yerləşir. Bu qurumun fəaliyyətə başlaması üçün ən azı 10 ölkənin ratifikasiyası tələb olunur.