ELM VƏ TƏHSİL
Alimlərimizin beynəlxalq informasiyaya dair məqaləsi dünyanın nüfuzlu elmi jurnalında dərc olunub
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin və qurumun elmi işçisi Vüsalə Abbasovanın həmmüəllifi olduqları “Beynəlxalq informasiya və bilik iqtisadiyyatının formalaşma xüsusiyyətləri və inkişaf tendensiyalarının araşdırılması” məqaləsi dünyanın nüfuzlu “Review of knowledge economy” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə ümumdünya iqtisadi sistemlərin xüsusiyyətləri və formalaşma mərhələləri izah olunub. İnformasiya, sənaye və bilik iqtisadiyyatı kateqoriyalarının formalaşmasının fərqli cəhətləri verilib, mahiyyəti və məzmununa olan yanaşmalar təhlil edilib. İnformasiya və biliyin xüsusiyyətləri, transformasiya üsulları, idarə olunması sistemləri araşdırılıb. İnformasiya və bilik iqtisadiyyatının formalaşması xüsusiyyətləri və inkişaf tendensiyalarının təhlili əsasında müvafiq tövsiyələr işlənilib.
Qeyd edək ki, “The Pak Publishing Group” elmi bazasına daxil olan “Review of knowledge economy” jurnalı ABŞ, Çin, Almaniya, İsveç, Rusiya kimi ölkələrin nüfuzlu bazalarında indeksləşib.