REGİONLAR
“Əlincə qalası” tarixi dramı Naxçıvan teatrında
Naxçıvan, 30 aprel, AZƏRTAC
Şərqin qocaman teatrı sayılan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu ilin repertuarına salınan yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramını səhnələşdirib. Bu əsər ilk dəfə 1983-cü ildə tamaşaçılara təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əsər Azərbaycan tarixində özünəməxsus rol oynayan, XIV əsrin sonlarında böyük əraziləri fəth edən fateh Əmir Teymura qarşı 14 il cəsarətlə mübarizə aparan Əlincə qalasının müdafiəsindən bəhs edir. Orta əsrlər tarixçiləri tərəfindən yazılan real tarixi hadisələr və xalq arasında yaşayan həqiqətlər səhnə əsərində çox ustalıqla qələmə alınıb.
Əmir Teymura 14 il baş əyməyən Əlincə qalasının qəhrəman müdafiəçiləri, qalanı idarə edən tarixi şəxsiyyətlər, bu müdafiənin kökündə duran mərdlik, birlik və cəsarətin təcəssümü həmin mövzunu həmişə aktual edib. Ən güclü düşmənə belə qalib gələn naxçıvanlıların qurub-yaratmaq istəyi, qədim ənənəyə söykənən istehkamqurma qabiliyyəti, sənətkarlığı, çətin anda belə öz qürurunu, yüksək əhval-ruhiyyəsini itirməyən, məhz bu xüsusiyyətlərinə görə uzun müddət mühasirədə yaşayan xalqın həyat tərzi ilk baxışdan tamaşaçını ovsunlaya bilir. “Əlincə qalası” dramı, əslində, tariximizin şərəfli 14 illik zaman kəsiyinə bir səyahətdir.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, bəstəkarı isə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.
Bu ilin ilk tamaşası sayılan “Əlincə qalası” tarixi dramında teatrın təcrübəli və gənc aktyorları müxtəlif rolları ifa edirlər. Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev – Topal Teymur, Rövşən Hüseynov – Omba Qulamhüseyn, Şirzad Abutalıbov – Təlxək obrazlarını, Azərbaycan Respublikasının Əməkdar artistləri Xəlil Hüseynov – Bəbir, Bəhruz Haxverdiyev – Yapalaq Murzo, Əbülfəz İmanov – Qasım, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Səməd Canbaxşıyev – Rəşid rollarını canlandırırlar. Kütləvi səhnələrdə isə teatrın bütün kollektivi iştirak edir. Tamaşanın premyerası yaxın günlərdə baş tutacaq.