SİYASƏT


Əliyar Əliyevin adı Azərbaycanın Milli qəhrəmanları sırasında fəxrlə çəkilir

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Laçın rayonu uğrunda şəhid olduğu vaxtdan 24 il keçir. Qəhrəmanlığı dillərdə dastan olan igid döyüşçü yaşasaydı, gələn ilin dekabrında 60 illik yubileyini qeyd edəcəkdi. Lakin o, doğmalarının, dostlarının və silah yoldaşlarının hafizəsində 34 yaşlı zabit kimi yaşayır və bundan sonra da yaşayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə bölgəsində, Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə keçirilən xatirə gecəsində döyüşçülər unudulmaz tabor komandirini bir daha ehtiramla yada salıblar.

Xatirə gecəsində şəhidin 34 illik ömür yolu xatırlanıb. Qeyd olunub ki, Əliyar Yusif oğlu Əliyev 1957-ci ilin dekabrında Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra bir müddət müəllim işləyib. Hərbi xidmətini başa vurduqdan sonra isə Qubadlı rayonunda “Məhsul” kənd könüllü idman cəmiyyətində, Bədən Tərbiyəsi və İdman Şurasında çalışıb. Klassik güləş üzrə respublika, ittifaq və beynəlxalq yarışlarda müvəffəqiyyətlər qazanıb, neçə-neçə idmançının yetişməsində xüsusi xidmətləri olub. Pəhləvan kimi tanınan Əliyar Əliyev ötən əsrin 80-cı illərinin sonlarından başlayan xalq hərəkatının öncüllərindən, Qarabağ uğrunda döyüşlərin ilk könüllü əsgərlərdən biri kimi tanınıb. Onun Qubadlı könüllülərindən ibarət təşkil etdiyi “Pəhləvan döyüşçülər dəstəsi” torpaqlarımıza göz dikən mənfur düşmənlərə qarşı mərdliklə vuruşub. Milli Ordumuz yarandıqdan sonra Ə.Əliyevin yaratdığı könüllülər dəstəsi də bu orduya daxil olaraq Vətənimizin qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıb. Laçın rayonunun neçə-neçə kəndinin, strateji yüksəkliklərin düşməndən azad edilməsində, Suriyada xüsusi təlim keçmiş qaniçən Karlenin quldur dəstəsinin zərərsizləşdirilməsində Əliyar Yusif oğlunun xüsusi xidmətləri var. O, şəhid olsa da dövlətimiz və xalqımız qəhrəmanın xidmətlərini yüksək qiymətləndirib. İndi Əliyar Əliyevin adı Azərbaycanın Milli Qəhrəmanları sırasında fəxrlə çəkilir.

Müdafiə Nazirliyinin zabitləri Abdulla Qurbanı və Nazim Əhmədov bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Qəhrəmanların izi ilə” hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlərin keçirildiyini və Əliyar Əliyevin xatirə gecəsinin də bu tədbirlərdən biri olduğunu qeyd ediblər. Onlar şəhid qəhrəman haqqında xatirələr söyləyiblər.

Vaxtilə Əliyar Əliyevin xidmət etdiyi hərbi hissədə tabor komandiri kimi döyüşlərdə iştirak etmiş polkovnik Elçin Kərimov və mayor Namiq Cavadov Füzuli rayonunun kəndlərinin erməni quldurlarından azad edilməsində və aprel döyüşlərində qəhrəman Əliyar Əliyevin davamçılarının şücaətlərindən danışıblar.

Tabor komandiri mayor Təvəkkül Fərəcov Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini səbirsizliklə gözlədiklərini və hər bir döyüşçünün Əliyar Əliyevin qəhrəmanlıqlarını təkrarlamağa hazır olduğunu bildirib.

Şəhid Milli Qəhrəmanın oğlu, mayor Emin Əliyev atasının yolunu cəbhə bölgəsində davam etdirməsindən böyük qürur duyduğunu vurğulayıb. O, atasının, ümumiyyətlə, bütün şəhidlərimizin xatirəsinin əziz tutulmasına, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.

Döyüşçülər torpaqlarımızın müdrik və qətiyyətli Prezidentimizin rəhbərliyi altında mübariz Azərbaycan əsgərinin zəfər yürüşü ilə tezliklə düşməndən azad olunacağına böyük əminliklə döyüş növbəsinə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.