İQTİSADİYYAT
Alkoqollu içkilərin 50-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinəsi aparılır
Bakı, 14 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının beynəlxalq akkreditasiya sahəsi genişləndirilib. İyunun 20-dən etibarən araq və şərab məhsulları üzrə daha 16 metod beynəlxalq akkreditasiya sahəsinə daxil edilərək laboratoriyanın akkreditasiya sahəsi 30 metoda çatdırılıb. Hazırda İstehlak Mallarının Ekspertizası Mərkəzində qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında alkoqollu içkilərin 50-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinəsi aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov iyulun 14-də "Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi" mövzusunda keçirilən təqdimatda deyib.
F.Məmmədov laboratoriyanın fəaliyyəti, akkreditasiya olunduğu sahələr və hazırda Fransa ilə müqayisədə dəfələrlə əlverişli qiymətə şərab məhsullarının müayinələrinin aparılması barədə məlumat verib və sahibkarları sıx əməkdaşlığa dəvət edib.
Beynəlxalq arbitr, Latviyanın "LATAK" Milli Akkreditasiya Bürosunun direktoru Olqa Veylande laboratoriyanın şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edilməsi barədə Attestatı İstehlak Mallarının Ekspertizası Mərkəzinə təqdim edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsinin ixracın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov "Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi" mövzusunda təqdimatla çıxış edib.