MƏDƏNİYYƏT
Alla Puqaçova: “Jara-2017” üçün xüsusi proqram hazırlamışam
Rusiyanın məşhur estrada ulduzları - Alla Puqaçova, Filipp Kirkorov, Kristina Orbakayte və Maksim Qalkin Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün dünən axşam Bakıya gəliblər
Bakı, 29 iyul, AZƏRTAC
Rusiyanın məşhur estrada ulduzları - SSRİ Xalq Artisti, rus estradasının primadonnası Alla Puqaçova, Rusiyanın Xalq Artisti Filipp Kirkorov, Rusiyanın Əməkdar Artisti Kristina Orbakayte, tanınmış teleaparıcı və yumor ustası Maksim Qalkin “Jara-2017” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gəliblər. Onlar Azərbaycan və festival barədə təəssüratlarını Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə bölüşüblər.
Alla Puqaçova: “Festival çərçivəsində xüsusi proqramla çıxış edəcəyəm. Yetmiş illik yubileyim ərəfəsində solo konsert hazırlamaq planım var. Əlbəttə, onu hər yerdə təqdim etmək fikrində deyiləm. Amma Bakıda hökmən! Əhval-ruhiyyəm yaxşıdır. Neçə illərdir ki, təyyarə ilə uçmurdum. Azərbaycana gəlmək üçün özümdə güc tapa bildim”.
Maksim Qalkin: “Bakıda bu yaxınlarda - iyulun əvvəlində solo konsertim olub. Mən şəhərinizdə həmişə əsl azərbaycanlı mehribanlığı görürəm və bu gözləntim hər dəfə özünü doğruldur”.
Filipp Kirkorov: “Mən hamımızın sevimlisi Alla Puqaçovanın mahnılarının ifa olunacağı gecəni səbirsizliklə gözləyirəm. Təəssüf ki, bu dəfə mən Bakıya yalnız bir günlüyə gəlmişəm və bu gün çox zəngin olacaq: məşqlər, mətbuat konfransları, qırmızı xalı üzərində görüş. Vaxt azlığı səbəbindən bu dəfə sevdiyim məkanları gəzmək imkanım olmayacaq. Burada dekabrdakı maraqlı solo konsertimi yenidən təkrarlamaq fikrindəyəm. “Jara”, konsertlər... Mən bu görüşü gözləyirdim. Bir il bir an kimi ötüb keçdi. Mənə elə gəlir ki, biz 2016-cı ilin “Jara”sı ilə elə bil dünən vidalaşmışıq. Amma indi biz yenidən bu festivaldayıq”.
Xatırladaq ki, Jara-2017” Beynəlxalq Musiqi Festivalının üçüncü günü zəmanəmizin canlı əfsanəsi adlandırılan Alla Puqaçovanın yaradıcılığına həsr olunacaq. Primadonnanın sevimli hitləri yeni tərzdə səsləndiriləcək. Müasir ifanı və dəbli aranjemanları parlaq estrada ulduzları - Filip Kirkorov, EMİN, Valeri Meladze, Oleq Qazmanov, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, LOBODA, Vladimir Presnyakov, Fabrika, Stas Mixaylov, Dmitri Malikov, A'Studio və başqaları səsləndirəcəklər.
Musiqili gecənin aparıcıları Yana Çurikova və Maksim Qalkindir.