CƏMİYYƏT
Allahşükür Paşazadə: İran ilə Azərbaycan əlaqələrini daha da inkişaf etdirməlidirlər
Tehran, 26 noyabr, AZƏRTAC
İran ilə Azərbaycanın tarixi münasibətləri var. Hər iki ölkə əlaqələrini daha da inkişaf etdirməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İran İslam Respublikasının Qum şəhərində “Ekstremizm və sələfilik: Müsəlman alimlərinin gözü ilə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadə bildirib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı mövcud əlaqələri daha da möhkəmləndirəcək. Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı onunla görüşdüyünü xatırladan şeyxülislam faydalı söhbətin aparıldığını deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, bu gün bəzi qüvvələr müsəlman ölkələrinin yaxınlığını və mehriban münasibətlər qurmasını istəmirlər və müxtəlif təxribatlara əl atırlar. Buna görə də Azərbaycan və İran elə etməlidirlər ki, təxribatlara görə münasibətləri korlanmasın.
Konfransda son dövrlər islam aləmində baş verən mənfi halların, xüsusilə də özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın İraqda və Suriyada törətdiyi hadisələrin müzakirə olunduğunu deyən Allahşükür Paşazadə bu qruplaşmanın islam dini ilə heç bir əlaqəsinin olmadığını bildirib. İslam dini adam öldürməyin, qətl və qarətin əleyhinədir. Bu qruplaşmanı yaradanların və arxasında duranların məqsədi islam dinini ləkələməkdən, onu dünya ictimaiyyətinə vəhşiliyi təbliğ edən bir din kimi təqdim etməkdən ibarətdir. Belə təhlükəli tendensiyanın qarşısını almaq üçün islam alimləri bir araya gələrək müzakirələr aparıb çıxış yolları tapmalıdırlar. Azərbaycan da müsəlman ölkəsidir və burada bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yanaşırlar. Lakin buna baxmayaraq Azərbaycan bu məsələnin müzakirəsindən kənarda qala bilməz.
Şeyxülislam qeyd edib ki, İran bu kimi problemlərin müzakirəsində fəallıq göstərir, müsəlman alimlərini bir araya gətirərək fikir mübadiləsi aparılmasına şərait yaradır. İŞİD kimi qüvvələrin meydana gəlməməsi üçün din xadimləri ilə yanaşı, siyasətçilər və dövlət xadimləri də bir araya gələrək dindən istifadə edib terrorla məşğul olanlara qarşı mübarizə metodlarını tapmalıdırlar.
Səfər çərçivəsində İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamneyi, ayətullah Nasir Məkaim Şirazi və ayətullah Cəfər Sübhani kimi nüfuzlu din xadimləri ilə də görüşdüyünü deyən Allahşükür Paşazadə onların Azərbaycana çox müsbət münasibət bəslədiklərini bildirib.
Qeyd edək ki, səfər zamanı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qum şəhərində fəaliyyət göstərən İran üzrə nümayəndəliyində də olub, bu şəhərdə təhsil alan və çalışan azərbaycanlılarla görüşərək onların vəziyyəti ilə maraqlanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran