İDMAN
“Alman-Azərbaycan futbol görüşü: alman dili hər bir halda qalib gəlir” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar VİDEO
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də Alman Dili Tədrisi Mərkəzində “Almaniya-Azərbaycan futbol görüşü: alman dili hər bir halda qalib gəlir” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində “Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya) matçına həsr olunmuş tədbir Almaniyanın ölkəmizdəki səfirliyi və Alman Dili Tədrisi Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılmışdır.
Alman Dili Tədrisi Mərkəzinin rəhbəri Zəhra Əliyeva mərkəz haqqında məlumat verərək bildirmişdir ki, bu qurum Azərbaycanda Almaniyanın Höte İnstitutunun yeganə tərəfdaşı olaraq il ərzində 1000-dək tələbəyə dərs verir. Bundan əlavə, mərkəz Almaniyada təhsil almaq üçün bir imtahan mərkəzidir.
Almaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər müvəkkili Volfqanq Mössinger belə bir qısa müddətdə çox maraqlı müsabiqə təşkil etdiyinə görə Alman Dili Tədrisi Mərkəzinin rəhbərliyinə və müsabiqənin iştirakçılarına minnətdarlığını bildirmişdir.
Qeyd edilmişdir ki, alman dili və Almaniya haqqında təşkil olunmuş müsabiqə şagirdlər arasında keçirilmişdir. Bütövlükdə 18 şagirdin iştirak etdiyi müsabiqənin əsas şüarı “Alman dili hər bir halda qalib gəlir”dir. Müsabiqədə 9 nəfər qalib adını qazanmışdır.
Nəzərə çatdırılmışdır ki, hər iki futbol klubu qaliblərə öz hədiyyələrini təqdim edəcəkdir və beləliklə də müsabiqə iştirakçıları Avropa səviyyəli futbol oyununun xoş xatirəsini özləri ilə aparacaqlar.
Volfqanq Mössinger “Ayntraxt” futbol klubunun idarə heyətinin üzvü Aksel Hellmann və Almaniya milli yığmasının keçmiş qapıçısı, “Qapıçıların əfsanəsi” adını daşıyan Uli Ştaynın bu tədbirdə iştirak etmələrindən şərəf duyduğunu söyləmişdir. Bildirmişdir ki, futbol görüşündən istifadə edərək bir daha alman mədəniyyətini təbliği üçün belə müsabiqəni keçirdik.
Mərasimdə Aksel Hellmann və “Qarabağ” klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimov çıxış edərək bildirmişlər ki, futbol xalqlara və ayrı-ayrı insanlara dostluq, anlaşma, sülh gətirən, bəşəri prinsipləri birləşdirən ən yaxşı vasitədir.
Sonra müsabiqənin qalibləri mükafatlandırılmışlar. Mükafatları Almaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər müvəkkili Volfqanq Mössinger və iki futbol klubunun nümayəndələri təqdim etmişlər.