DÜNYA
Alman hakimiyyət orqanları qaçqınlara münasibətdə zorakılığın artmasından narahatdır
Berlin, 9 oktyabr, AZƏRTAC
AFR-in daxili işlər naziri Tomas de Mezyer Almaniyada qaçqınlara münasibətdə zorakılığın artmasından narahatlığını bildirib. O, “Funke” media qrupuna müsahibəsində deyib: “Sığınacaq axtaranlara ksenofobiya motivləri əsasında hücumların kəskin artması göz qabağındadır. Cari ilin əvvəlindən qaçqın yataqxanalarına 490-dan çox basqın qeydə alınıb”.
Nazir onu da qeyd edib ki, belə cinayətləri törətməkdə şübhəli bilinənlərin üçdə ikisi “indiyədək qanunu pozmayan yerli sakinlərdir”. Tomas de Mezyer belə insanlarla ciddi davranmağa çağırıb. “Onlara başa salmaq lazımdır ki, bədən xəsarətləri, öldürmək cəhdi, yandırmaq kimi yolverilməz cinayət əməlləri törədirlər. Bu, bütün Almaniya üçün biabırçılıqdır və burada hər hansı xəlvəti təqdir ola bilməz”, - deyə nazir vurğulayıb.
Tomas de Mezyerin sözlərinə görə, sığınacaq axtaranlara qarşı zorakılıq “qərəzli elektron məlumatları, təhqirlər və vulqar ifadələrlə” müşayiət olunur. Nazir qeyd edib ki, o, indiyədək təsəvvürünə gətirə bilməzdi ki, belə ifadələr açıq şəkildə səsləndiriləcək. “Buna heç cür bəraət verilə bilməz. Biz mübarizə aparmalıyıq ki, müəyyən əməllərə ümumiyyətlə yol verilməsin. Biz zorakılıq və ədavətlə barışa bilmərik”, - deyə nazir bəyan edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin