MƏDƏNİYYƏT
Alman jurnalistlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıb
Berlin, 1 dekabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyində CTOUR Alman Turizm Jurnalistlər Şəbəkəsi ilə birlikdə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəbəkənin üzvü olan 30 alman jurnalistin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu görüşün alman ictimaiyyətinin ölkəmiz haqda daha ətraflı məlumatlanması baxımından əhəmiyyətli olduğunu söyləyib. Səfir 2017-ci ildə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlamətdar olduğunu, hər iki hadisə ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd edib. O, Azərbaycan və Almaniya arasında münasibətlərin dinamik inkişaf etdiyini və iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Səfir Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini, ölkə iqtisadiyyatının şaxələndirilməsində bu sahənin əhəmiyyətli yeri olduğunu bildirib. O, Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladığını, eləcə də Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin qəbul olunduğunu qeyd edib. Azərbaycanda böyük turizm potensialının olduğunu və turizmin müxtəlif istiqamətlərinin uğurla inkişaf etdiyini deyən səfir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə də danışıb, münaqişənin həllinin ölkəmizdə turizmin inkişafı üçün əlavə imkanlar yaradacağını vurğulayıb.
Sonra CTOUR Jurnalist Şəbəkəsinin idarə heyətinin üzvü və qurumun sözçüsü Hans-Peter Qaul çıxış edib. O, cari ildə qeyd edilən hər iki yubileyin Azərbaycanın Almaniyada daha yaxşı təqdim olunması üçün əlverişli imkan yaratdığını və görüş iştirakçılarının sayının Azərbaycana marağın göstəricisi olduğunu bildirib.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı, ölkəmizin və paytaxt Bakı şəhərinin turistik təqdimatını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Daha sonra səfirliyin mətbuat attaşesi Vüqar Qafarov Azərbaycanın turizm imkanları haqda təqdimat edib. O, Azərbaycanda mövcud olan turizm potensialından və turizmin inkişafı üçün görülən işlərdən, ölkə turizminin xüsusiyyətlərindən bəhs edib, Azərbaycanın həm təbii-landşaft, həm də tarixi-mədəni zənginliyinə görə xarici turistlər üçün maraqlı ölkə olduğunu bildirib. Vüqar Qafarov qeyd edib ki, müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın tarixən formalaşmış multikultural mühiti və mədəni müxtəlifliyi ölkəmizin tarixi, ictimai-siyasi həyatı, musiqisi, ədəbiyyatı, incəsənəti, mətbəxi, memarlığı, o cümlədən məişətində öz əksini tapıb və bu da onu xarici turistlər üçün cazibədar edir. Səfirliyin mətbuat attaşesi Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, “ASAN Viza” sistemi, Azərbaycan və Almaniya arasında fəaliyyət göstərən hava nəqliyyatı, ölkəmizdə qorunan və təşviq edilən alman irsi və digər mövzulara dair jurnalistlərinə məlumat verib.
Sonra alman jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda dünyəvilik, təhlükəsizlik, turizm infrastrukturu, Almaniya haqda təsəvvürlər, alman dilinə maraq və digər mövzularda sualları cavablandırılıb.
Daha sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
Alman jurnalistlərə, həmçinin ölkəmiz haqda məlumat broşürləri və Azərbaycan mədəniyyətinə dair materiallar təqdim olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin