DÜNYA
Alman mətbuatı Fransada qarşıdan gələn seçkiləri “başdan başa çaşqınlıq” adlandırıb
Berlin, 19 aprel, AZƏRTAC
Fransada prezident seçkilərinin birinci turuna bir həftə qalır. İndi bu ölkədə vəziyyət o qədər dolaşıqdır ki, hətta AFR prezidenti Frank-Valter Ştaynmayer bu prosesə münasibətini çox ehtiyatlı şəkildə ifadə edib. O, sağçı populistlərin qalib gələcəyindən ehtiyatlanaraq bildirib ki, Fransanı Avropa İttifaqından çıxarmaq istəyən bu qüvvələr “ölkəyə böyük gələcək vəd edən mahnılar səsləndirirlər”.
Almaniya KİV-lərində yazırlar ki, səsvermənin birinci turunun nəticələrini Berlində böyük həyəcanla gözləyirlər, çünki son nəticədə Avropa İttifaqının gələcəyi, rifahı, sülh, həmrəylik və onun lazımınca qiymətləndirilməmiş bir sıra başqa nemətləri bu seçkilərdən asılıdır. “Alman dalğası” agentliyi yazır: “Səsvermənin birinci turunda seçicilər ürəklə, ikinci turda ağılla qərar qəbul edirlər. Fransa seçki sistemini belə izah etmək olar. Bu sistem ekstremistlərin prezident sarayında yer tutmalarına imkan verməməlidir”.
Digər tərəfdən, rəy sorğularının yekunları göstərir ki, köhnə kommunist Jan-Lyuk Melanşonun populyarlığının sürətlə artması səbəbindən, səsvermənin ikinci turunda qələbə uğrunda Melanşon Marin Le Penə qarşı mübarizə apara bilər.
Siyasət barədə fikirləşən fransızlar ürəyin hökmü ilə deyil, ağlın hökmü ilə hansı namizədə səs verəcəklər? Cəmi bir neçə həftə bundan əvvəl ağlasığmaz hesab edilən nəticə indi tamamilə mümkün görünür. Melanşonun uğuru onu göstərir ki, fransızların çoxu radikal qərar qəbul olunmasını istəyir.
Fransızlara “Fransada inqilab” şüarı ilə müraciət edən radikal solçular Avropa İttifaqından və NATO-dan çıxmağı, sənayeni yenidən milliləşdirməyi və maliyyə kapitalizminə son qoymaq üçün siyasi və iqtisadi modeli dəyişməyi vəd edirlər. Şərqi Avropada kommunizm erası başa çatandan sonra bu vədlərin necə gerçəkləşəcəyi hələ aydın deyil. Marin Le Pen ilə Melanşonu fərqləndirən beynəlmiləlçilik ideyasıdır. Hərçənd, bütün dünyada bu ideyanın tərəfdarlarını tapmaq müşkül məsələdir.
“Milli cəbhə”nin namizədi Marin Le Pen isə, əksinə, vətənpərvərliyə ümid bəsləyir. Onun şüarı belədir: “əvvəlcə Fransa”, lakin Le Penin iqtisadi proqramı praktiki olaraq radikal solçu qüvvələrin təkliflərindən fərqlənmir. Eyni şüarlar və eyni vədlər – Aİ-nin tərkibindən çıxmaq və NATO-nu tərk etmək, iri sənaye obyektlərini milliləşdirmək barədə söhbətlər seçicilərin çoxu üçün cəlbedici səslənir və bir-birindən fərqlənmir.
Seçkiqabağı vəziyyəti “başdan-başa çaşqınlıq” adlandıran “Alman dalğası” agentliyi yazır: “İndi narahatçılıq keçirən müşahidəçilərin və qonşuların yalnız bir ümidi var – fransızlar özlərinin böyük ideologiya istəyini üstələyəcək və səsvermənin elə ilk turunda ürəyin hökmü ilə deyil, ağlın hökmü ilə səs verəcəklər. O vaxta qədər yalnız seçkiqabağı kampaniyanın başa çatmasını gözləmək və ümid etmək olar ki, hollandiyalılar və avstriyalılar kimi fransızlar da ekstremizmə “yox!” deyəcəklər”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin