QAN YADDAŞI
Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
Berlin, 28 fevral, AZƏRTAC
Şərqi Avropa ölkələri və postsovet məkanında baş verən hadisələri işıqlandırmaq üzrə ixtisaslaşmış “Ostpol.de” portalında dərc olunmuş məqalədə Xocalı şəhərinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşdiyi və burada 25 il öncə erməni silahlı dəstələri tərəfindən yüzlərlə mülki şəxsin qətlə yetirildiyi bildirilir. Məqalədə Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması məqsədilə kütləvi tədbirlərin təşkil olunduğu, habelə Meksika, Türkiyə, Almaniya və İsraildə onların xatirəsinə abidələrin qoyulduğu qeyd edilir. Məqalədə, həmçinin Azərbaycan tərəfinin bu qətliamı törətmiş şəxslərin mühakimə olunacaqlarına ümid etdiyi bildirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasından bəhs olunur, Ermənistanın BMT-nin qətnamələrinə əhəmiyyət verməyərək Azərbaycanın torpaqlarını hələ də işğal altında saxladığı yazılır.
“HuffingtonPost” qəzetinin alman redaksiyasının veb-səhifəsindəki məqalədə isə Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salınır, münaqişənin həllinə dair regional və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qəbul etdiyi qətnamələr sadalanır. Məqalədə Xocalıda günahsız insanların qətlinin əsas təşkilatçısı olan və bu gün Ermənistana rəhbərlik edən Serj Sarqsyanın hələ də cinayət məsuliyyətinə cəlb edilmədiyi vurğulanır.
“Presseportal.de” portalında isə Böyük Britaniyanın Film və Televiziya Akademiyasında “Sonsuz dəhliz” sənədli filminin təqdimatına dair reportaj yerləşdirilib. Yazıda filmin mövzusu olan Xocalı soyqırımından ətraflı şəkildə bəhs edilir, litvalı jurnalist A.Brokasa istinadla bu qətliamın “azadlıq və müstəqillik üçün verilmiş qurbanlar” olduğu bildirilir. Reportaj Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın aşağıdakı sözləri ilə bitir: “Xocalı soyqırımının ictimaiyyətin diqqətində saxlanılması vacibdir. Mən bu filmin çəkilməsinə sevinirəm. “Sonsuz dəhliz” filmi Xocalıda baş vermiş dəhşətli qırğından və erməni təcavüzündən bəhs edir. Belə cinayətlər bir daha təkrarlanmamalıdır”.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Berlin şəhərində keçirilmiş “Cənubi Qafqazda stabillik və təhlükəsizlik simpoziumu”na dair səfirliyimizin alman dilində yayımladığı məlumat isə “Diplomatie Global” jurnalı və “Köster” nəşriyyatının veb-səhifələrində yerləşdirilib.
“RBB” televiziya kanalında isə azərbaycanlıların və türklərin Xocalıda baş vermiş hadisələrin soyqırımı kimi tanınması tələbi ilə Berlinin mərkəzində mitinq keçirdiklərinə dair videoreportaj yayımlanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin