MƏDƏNİYYƏT
Alman orkestri azərbaycanlı gəncin dirijorluğu ilə Çin səhnəsindəVİDEO
Orkestr əvvəlcə Şanxay və Tayçanq şəhərlərində, sonda isə Pekində musiqisevərlər qarşısına çıxıb. Münhen orkestri hər 3 konsertə həmvətənimiz, dirijor Fuad İbrahimovun rəhbərliyi altında çıxıb.
Üç ilə yaxındır ki, Münhen Yeni Filarmonik Orkestri ilə çalışan Fuad İbrahimov alman musiqiçiləri ilə artıq bir neçə ölkədə bu cür konsertlər verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan gənc dirijor daha sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Almaniyada musiqi təhsilini davam etdirib. Onun təşəbbüsü ilə 2008-ci ildə Bakıda gənclərdən ibarət “Yeni Filarmoniya” simfonik orkestri yaradılıb və kollektiv Avropanın müxtəlif ölkələrində təşkil olunan mötəbər festivallarda əsasən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış edib.
Fuad İbrahimov Heydər Əliyev Fondunun xaricdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirdiyi tədbirlərin, habelə ölkəmizdə təşkil olunan beynəlxalq musiqi festivallarının fəal iştirakçılarındandır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin