CƏMİYYƏT


Alman tələbələr Bakı Yay Neft Məktəbində

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Bakı Yay Neft Məktəbinin açılış mərasimi keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, yay məktəbi keçirmək üçün layihə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib. Layihənin rəhbəri BANM-in əməkdaşı Aytən Şadlinskayadır.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixindən, fəaliyyət istiqamətlərindən danışıb. Rektor ali məktəbin əldə etdiyi nailiyyətlərə toxunaraq, burada həyata keçirilən layihələrdən söz açıb. O, layihənin BANM-də reallaşmasından, Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin bu layihədə iştirakından məmnunluğunu bildirib.

DAAD-ın Bakıdakı informasiya mərkəzinin nümayəndəsi Stefani Dufo iştirakçıları təbrik edərək bu layihənin artıq ikinci dəfədir ki, məhz BANM-də həyata keçirildiyini xatırladıb. Qonaq alman tələbələrin belə bir layihədə iştirak etməklə təkcə BANM ilə deyil, həm də Azərbaycanla tanışlığa imkan qazandıqlarını bildirib.

A.Şadlinskaya layihə haqqında qısa məlumat verərək iştirakçıları təqdim edib.

BANM-in tələbələri Bakı Yay Neft Məktəbinin açılışına həsr etdikləri təqdimatla çıxış ediblər.

Qeyd edək ki, yay neft məktəbində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan on mütəxəssis iştirak edəcək. Yay məktəbi sentyabrın 14-dən 24-dək BANM-də keçiriləcək. Layihə çərçivəsində tələbələrə ali neft məktəbinin professor-müəllimləri tərəfindən Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi və digər mövzularda dərslər keçiriləcək. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, Azərbaycanı daha yaxından tanımaq imkanı qazanacaqlar.

Proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.