İQTİSADİYYAT
Almaniya Bundestaqının komissiya sədrləri Azərbaycan Energetika Nazirliyində olublar
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Doqmar Vöhrlünlə keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı, iki ölkə arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Energetika naziri N.Əliyev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, sosial sahədə görülən işlər barədə məlumat verib, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatın inkişaf tempinə görə dünyada aparıcı yerlərdən birini tutur.
Görüşdə iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub, iqtisadi sahədə, xüsusilə də enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İmzalanmış sənədlərin iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün hüquqi baza yaratdığı qeyd edilib.