DÜNYA
Almaniya KİV-ləri qarşıdakı Yunanıstan referendumunu şərh edirlər
Berlin, 2 iyul, AZƏRTAC
Yunanıstanın iflasa uğramaq təhlükəsi alman mətbuatının əsas mövzusudur. Bir çox şərhçilər yunan dramının bütün Avropa İttifaqının müqəddəratına təsir göstərəcəyini bildirirlər.
"Tagesspiegel" qəzetində Albrext Mayer "SİRİZA-nın səhvi" sərlövhəli məqaləsində göstərir ki, indiyədək heç kəs hadisələrin necə inkişaf edəcəyini qabaqcadan deyə bilməyib. O qeyd edib ki, indi hətta Aİ-nin siyasətdən və iqtisadiyyatdan uzaq olan vətəndaşları da nə baş verdiyini anlamağa çalışır və yığdıqları vəsaitə göeə narahat olurlar. Lakin müəllif belə hesab edir ki, böhran Yunanıstan əhalisinə daha ağır zərbə vurub. Bunun üçün hər şeydən əvvəl Yunanıstan hökuməti məsuliyyət daşıyır.
"Berliner Zeitung" qəzetinin baş redaktoru Brigitte Ferle "Tsiprasın ümidsiz hədə-qorxusu" sərlövhəli şərhində də Yunanıstanın baş naziri Tsiprasın sol populist hökumətini ona görə tənqid edir ki, o, öz xalqını girov götürüb, təhqir olunmuş ləyaqəti barədə boşboğazlığı ilə millətçilərin əlinə əsas verir. B.Ferle yazır: "Hədə-qorxu tamamilə yersiz idi. Aİ-də heç kəs Yunanıstanın iflasa uğramasını istəmir. Hər kəs başa düşür ki, güclü və maliyyə cəhətdən müstəqil Yunanıstan Aİ-ni də möhkəmləndirir".
Tanınmış alman publisisti Rihard Hersinger iyunun 29-da "Die Welt" qəzetində dərc olunmuş baş məqaləsini belə adlandırıb: "Avropa İttifaqı eybəcərdir? Yox, Aİ mümkün olanların ən yaxşısıdır!" O, etiraf edir ki, Yunanıstan böhranı qarşısında Avropa instansiyalarının bacarıqsızlığı, onların gerçəklikdən və vətəndaşlardan ayrılması ən ciddi tənqidə layiqdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin