ELM VƏ TƏHSİL
Almaniya alimləri və Azərbaycan diasporunun elmi nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə ediləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən noyabrın 2-nə qədər Almaniyanın paytaxtı Berlində Azərbaycan diasporunun elmi nümayəndələri ilə görüşəcək.
Ölkəmizin Berlindəki səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan–Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda “dəyirmi masa”, həmçinin Berlin Elmlər Akademiyası və Humbolt Universitetində bir sıra görüşlər keçiriləcək.
Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru vəzifəsini icra edən, tarix elmləri doktoru Məryəm Seyidbəyli və AMEA rəyasət heyətinin beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edəcək.