MƏDƏNİYYƏT
Almaniya böyük animasiya layihələrinin həyata keçirilməsində Azərbaycana kömək edə bilər
Azərbaycan animasiyasının cəmi 78 yaşı var. “Pişik” adlı ilk cizgi filmi 1938-ci ildə çəkilib. Həmin ildən başlayaraq 1950-ci illərə qədərki dövr Azərbaycan animasiyasının xüsusi başlanğıc mərhələsidir. İkinci mərhələ 1960-cı illəri əhatə edir. O dövrdə “Azərbaycanfilm” kinostudiyasında multiplikasiya sexi açılıb və “Cırtdan” filmi (1969) çəkilib.
Üçüncü mərhələ 20-dən çox cizgi filminin istehsal edildiyi 1970-ci illərə təsadüf edir. Dördüncü mərhələdə - 1980-ci illərdə 38 cizgi filmi yaradılıb. Beşinci mərhələ mürəkkəb postsovet dövrünə təsadüf etməsi, maliyyə çatışmazlığı, köhnəlmiş texnologiya və avadanlıqların istifadəsi ilə səciyyələnir. Lakin bu dövrdə “Azanfilm” Birliyində 19 cizgi filmi çəkilib.
Ümumilikdə isə Azərbaycan animasiyası tarixində 100-dən çox film yaradılıb.
Azərbaycan animasiya inkişafında yeni mərhələ 2010-cu ildə başladı. 2011-ci ildə “Azanfilm” Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kiçik ev” cizgi filmini istehsal etdi. 2012-ci ildə “3Dost” informasiya agentliyi Azərbaycanın 3D formatında ilk cizgi filmini çəkdi – “Cırtdan və təpəgöz”. Digər milli animasiya filmlərinin çəkilişi də tezliklə bitəcək.
Bu ilin əvvəlində Azərbaycan Prezidenti yanında Gənclər Fondu, eləcə də Mədəniyyət və Turizm Nazirliyi “Nazim Məmmədov adına Azərbaycan virtual animasiya muzeyi” adlı internet resursu istifadəyə verdi. Bu internet resurs ötən əsrin 60-90-cı illərinə dair Azərbaycan animasiya tarixinin böyük bazasını əks etdirir.
Bu yaxınlarda “Azanfilm”in studiyası modelləşdirmə sahəsində gənc animatorlar və mütəxəssislərlə görüş keçirib. Tədbir Azərbaycanda animasiyanın inkişafına həsr olunub.
“Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi bildirir ki, kadr siyasətində və bədii layihələrin həyata keçirilməsində islahatlar sayəsində milli animasiya tarixində ilk dəfə çoxseriyalı cizgi filmlərinin istehsalı təşkil edilib. Lakin fikrimcə, animasiya sahəsində mövcud texniki infrastrukturu, rəssam-animatorların mürəkkəb peşəkar animasiya proqramlarını zəif mənimsədiyini nəzərə aldıqda, ilk milli cizgi seriallarının səviyyəsi kifayət qədər yüksək olmayacaq. Bundan əlavə, animatorlarımızın və bu sektorun inzibatçılarının müasir animasiya kompyuter proqramları və rəqəmsal avadanlıqlarından istifadə etmək təcrübəsi də yoxdur. Bu, Azərbaycana dünya səviyyəli tammetrajlı (1,5-2 saatlıq) milli cizgi filmləri istehsal etməyə imkan verməyəcək.
Yeri gəlmişkən, xaricdə bundan ötrü rəssam-animatorlar bir neçə il sürən peşəkar təlim proqramlarında iştirak edirlər. Azərbaycanda belə bir təcrübə, təəssüf ki, yoxdur.
Axı biz keyfiyyətli animasiya məhsulu görmək və uşaqlarımızın onların əsasında xeyirxahlıq, əməksevərlik, həyata sağlam baxış, nəhayət, milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsini istəyirik...
Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyi və Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) Azərbaycan menecerlərinin hazırlanması proqramının iştirakçısı kimi, 2012-ci ildə Almaniyada keçirilən treninqlərdə olmuş və bir neçə alman animasiya şirkətinə baş çəkmişəm.
Alman animasiya şirkətləri öz məhsullarının istehsalı üçün bu gün ən yaxşı, məsələn, “3Delight”, “Autodesk”, “Golaem”, “Hash Animation Master”, “Toon Boom Animation” kimi müasir kompyuter proqramlarından və “Motion Capture” avadanlığından istifadə edirlər. Hazırda dünyanın animasiya layihələrinin 70 faizindən çoxunun istehsalında “Toon Boom Animation Inc.”-dən istifadə olunur. O, animasiya proqram təminatlarında dünya lideridir. “Toon Boom Animation”ın ən geniş məhsulları arasında çox sadə proqramlar da var. Məsələn, 6-12 yaşlı uşaqlar üçün “Flip Boom Classic” və “Flip Boom All-Star”. Öz cizgi əhvalatını yaratmaq və onu “YouTube, yaxud “Facebook”da yerləşdirmək istəyənlər üçün “Toon Boom Studio”, “Toon Boom Animate/Animate Pro” mövcuddur. Nəhayət, “Toon Boom Harmony” – bu, sadəcə animasiya üçün proqram yox, peşəkar animasiya fabrikidir. “Toon Boom Harmony” (və onun sonuncu 14-cü versiyası) isə tammetrajlı cizgi filmləri və hətta serialları üçün unikal proqram kompleksidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında istənilən avadanlığın ölkəyə idxalında məhdudiyyətin götürülməsi barədə Fərman imzalayıb. Milli animasiya serialları və tammetrajlı filmlərin istehsal üçün bu cür əlverişli fürsətdən niyə də istifadə edilməsin? Yeri gəlmişkən, bu avadanlıqlar həmçinin reklam çarxları və turizm təqdimat filmlərinin istehsalında xüsusi effektlər yaratmaq üçün də istifadə edilə bilər.
Söz düşmüşkən, 2010-cu ildə öz animasiya tarixinin 100 illik yubileyini qeyd edən Almaniya yaxın bir neçə ildə Azərbaycan mütəxəssislərini hazırlamaq və ölkəmizdə cizgi filmlərinin infrastrukturunun dünya səviyyəsinə qədər inkişafında bizə kömək edə bilər. Beləliklə, Azərbaycanda tammetrajlı animasiya filmləri və seriallarının istehsalında yeni bir mərhələ açılması mümkündür.
Əgər bu baş verərsə, tezliklə Azərbaycan animasiya filmləri və seriallarında təkcə Cavanşir və Cırtdan kimi ənənəvi milli qəhrəmanlar və nağıl qəhrəmanları deyil, onların təsiri altında böyüyən uşaqlarımız üçün yeni, müasir personajlar, məsələn, Xəzər dənizində yaşayan və doğma dənizin çirklənməsindən narahat olan ağıllı suiti, gözəl ölkəmizin bütün meşələrində dostları olan ceyran və digər personajlar canlandırılacaq.
Kamal Cuvarlinski
AZƏRTAC-ın müxbiri