DÜNYA
Almaniya kansleri Angela Merkel Estoniyaya gəlir
Tallinn, 24 avqust, AZƏRTAC
Almaniya kansleri Angela Merkel bu gün Tallinnə gələcək. İki gün davam edəcək səfər müddətində A.Merkel Estoniyanın baş naziri Taavi Rıyvas ilə görüşəcək.
Avqustun 25-də A.Merkel ölkə prezidenti Toomas Xendrik İlves ilə görüşəcək və “Rəqəmsal mühitdə öndə gedən Estoniya Almaniya və Avropa üçün nümunədir” adlı nitq söyləyəcək.
Taavi Rıyvas səfər ərəfəsində bildirib ki, sentyabrın ortalarında Bratislavada Aİ liderlərinin sammiti keçiriləcək. Ona görə də bizim görüşün əsas mövzusu Avropa İttifaqının gələcəyi məsələsi olacaq. Baş nazir deyib: “Avropa haraya gedir, bizim qoruduğumuz və müdafiə etdiyimiz dəyərlər hansılardır, güclü və təsirli birlik naminə yaxın gələcəkdə edəcəyimiz seçim kimi prinsipial məsələlər nəzərdən keçiriləcək”.
T.Rıyvas onu da vurğulayıb ki, Almaniya Estoniya üçün mühüm dost, müttəfiq və tərəfdaşdır, bu səbəbdən A.Merkelin səfəri Estoniya üçün böyük əhəmiyyət kəsb edir.
KİV-lərdə yayılan məlumata görə, bu görüşlərdə 2017-ci ilin ikinci yarısında Estoniyanın Aİ-də sədrliyi məsələsi müzakirə ediləcək.
İlkin plana görə Estoniya bu təşkilata 2018-ci ilin birinci yarısında, Böyük Britaniyadan dərhal sonra başçılıq etməli idi. Lakin Birləşmiş Krallığın Aİ-dən çıxması barədə referendumun yekunları ilə əlaqədar Avropa İttifaqında sədrlik qrafikinin dəyişdirilməsi qərara alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn