DÜNYA
Almaniya kansleri: danışıqlar üçün qapı hələ də açıqdır
Bakı, 7 iyul, AZƏRTAC
İyunun 6-da axşam Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Yelisey sarayında görüşərək Yunanıstanın borc böhranını müzakirə ediblər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Fransa və Almaniya liderləri üstünlüyün hazırda Aleksis Tsipras düşərgəsinin tərəfində olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, Yunanıstanın Baş naziri dəqiq və konkret təkliflər verməlidir. Hər şey iyulun 7-də Brüsseldə keçiriləcək sammitdə həll olunacaq. Əvvəlcə avrozona ölkələrinin maliyyə nazirləri, ardınca isə hökumət və dövlət başçıları öz sözlərini deyəcəklər.
Angela Merkel: "Biz tam aydın şəkildə bildiririk ki, danışıqlar üçün qapı hələ də açıqdır və avrozona liderlərinin iyulun 7-də keçiriləcək görüşünə məhz bu nöqteyi-nəzərdən baxmaq lazımdır. Lakin, eyni zamanda, hazırda konkret proqram üzrə danışıqların başlaması üçün şərtlərin yaradılmadığını da bildiririk".
Fransa Prezidenti Fransua Olland isə öz növbəsində saziş imzalamaq üçün çox az vaxt qaldığını qeyd edib.