DÜNYA
Almaniya kəşfiyyatı büdcədən daha çox vəsait istəyir
Berlin, 8 sentyabr, AZƏRTAC
Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Konstitusiyanın qorunması üzrə Federal İdarə (BfV) terrorizmə qarşı mübarizə və həyati əhəmiyyətli energetika, su təchizatı və telekommunikasiya obyektlərinə kiber-hücumlara qarşı mübarizə layihələrinin genişlənməsi ilə əlaqədar, Bundestaqdan 2017-ci il üçün onların büdcəsinin artırılmasını xahiş ediblər. dpa agentliyinin verdiyi xəbərə görə, BND öz büdcəsinin 12 faiz artırılaraq maliyyələşdirmə həcminin 808 milyon avroya, BfV isə müvafiq vəsaitin 18 faiz artırılaraq 307 milyon avroya çatıdırılmasını istəyir.
Məlum olub ki, BND “Strateji texniki təşəbbüs” (SİT) çərçivəsində kommunikasiya şəbəkələrinin gizli dinlənilməsi üzrə uzunmüddətli tədqiqatlara təxminən 73 milyon avro sərmayə qoymağı planlaşdırır. Məsələn, WhatsApp kimi populyar messencerlərin məlumatlarının kodlaşdırılmasında boşluqların axtarılıb tapılması və onlardan istifadə edilməsi üçün “Panos” layihəsinə 21,25 milyon avro sərmayə qoymaq nəzərdə tutulur. Almaniya kəşfiyyatı peyklər vasitəsilə aparılan danışıqların izlənilməsi layihəsinə (Zerberus) 2,1 milyon avroya yaxın sərmayə qoymaq niyyətindədir.
BfV isə öz növbəsində, 2016-cı ildə yaradılan 470 iş yerindən əlavə, 2017-ci ildə daha 100 iş yeri açmaq fikrindədir. Yeni əməkdaşlar ekstremistlər müşahidə edəcək və kiber-hücumlardan müdafiə sistemi yaradacaqlar. AFR-in daxili xüsusi xidmət orqanları, xarici kəşfiyyatdan fərqli olaraq, konkret layihələrin nəzərdə tutulan maliyyələşdirmə həcmləri barədə heç bir məlumat vermir. Qanunvericiliyə görə, xüsusi xidmətlərin maliyyələşdirilməsi haqqında qərar Bundestaqın qapalı iclasında qəbul edilir və bu qərar açıq müzakirə oluna bilməz.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin