İDMAN


Almaniya millisi FIFA Konfederasiyalar Kuboku turnirinin qalibi olub YENİLƏNİB

Bakı, 3 iyul, AZƏRTAC

Futbol üzrə Almaniya millisi Rusiyanın ev sahibliyi etdiyi onuncu FIFA Konfederasiyalar Kuboku turnirinin çempionu olub.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında Çili yığmasına minimal hesabla qalib gələn dördqat dünya çempionları öz titullarına daha birini əlavə ediblər.

Sankt-Peterburq şəhər stadionunda keçirilən matçda azarkeşlər maraqlı və gərgin idman mübarizəsinin şahidi olublar. Oyunun taleyini həll edən yeganə qolu matçın 20-ci dəqiqəsində Almaniya yığmasının heyətində Lars Ştindl rəqib komandanın qapısından keçirib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç bu hesabla da başa çatıb.

Sonra mükafatlandırma mərasimi keçirilib.

FIFA prezidenti Cianni İnfantino turnirin ən yaxşı qapıçısına – Çili millisinin qolkiperi Klaudio Bravoya "Qızıl əlcək" mükafatını təqdim edib. Almaniya millisinin üzvləri – Timo Verner "Qızıl buts", kapitan Yulian Draksler isə "Qızıl top" mükafatlarına layiq görülüblər.

Turnirin kubokunu Almaniya millisinə FIFA prezidenti Cianni İnfantino təqdim edib.

Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə Portuqaliya millisi Meksika yığmasına 2:1 hesabı ilə qalib gələrək bürünc medallara sahib olub.

Qeyd edək ki, FIFA Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Kral Fəhd Kuboku adı altında Səudiyyə Ərəbistanında keçirilib. Səudiyyə Ərəbistanı 1995-ci ildə ikinci turnirə də ev sahibliyi edib. Bundan sonra FIFA bu turniri öz nəzdinə alaraq yeni qaydalar müəyyən edib. 2005-ci ilədək hər iki ildən bir keçirilən turnir, həmin tarixdən sonra dörd ildən bir təşkil olunmağa başlanıb.

Konfederasiyalar Kuboku turniri dünya çempionatından bir il əvvəl mundiala ev sahibliyi edəcək ölkədə keçirilir. Bu turnir dünya çempionatına hazırlıq məqsədi daşıyır. Turnirdə iştirak edən səkkiz komandanın ikisi - dünya çempionatının sonuncu qalibi və ev sahibi olan ölkənin millisi Konfederasiyalar Kubokunda birbaşa iştirak hüququ qazanır. Digər altı komanda isə FIFA-nın konfederasiyaları - CAF, CONMEBOL, UEFA, AFC, OFC, CONCACAF üzrə çempion olan millilərdir. Əgər dünya çempionu olan komanda həm də konfederasiyalardan birinin qalibi olarsa, onda finala çıxan digər milli komanda turnirə qatılmaq şansı əldə edir.

Konfederasiyalar Kubokunda ən çox qalib gələn komanda beşqat dünya çempionu Braziliya millisidir. Braziliyalılar 1997-ci, 2005-ci, 2009-cu və 2013-cü illərdə çempion olublar. Fransa futbolçuları isə iki dəfə - 2001-ci və 2003-cü illərdə kuboku başları üzərinə qaldırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.