İDMAN
Almaniya millisi futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Fransa yığması ilə qarşılaşacaqdır VİDEO
Bakı, 1 iyul (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Porto Aleqro şəhərindəki “Estadio Beira-Rio” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Almaniya və Əlcəzair milli komandaları qarşılaşmışlar.
Braziliyalı baş hakim Sandro Riccinin idarə etdiyi oyunun əsas vaxtında hesab açılmamışdır.
Görüşün əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılmışdır. Matçın 92-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Andre Şüerrle hesabı açmışdır. Oyunun 120-ci dəqiqəsində Məsut Özil ikinci topu Əlcəzair millisinin qapısından keçirmişdir. Bir dəqiqə sonra əlcəzairli futbolçu Djabou hesab arasındakı fərqi azaltmışdır.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir.
Növbəti mərhələdə Almaniya millisi Fransa yığması ilə qarşılaşacaqdır. Oyun iyulun 4-də keçiriləcəkdir.