DÜNYA


Almaniya polisi Dortmundda terror aktının təşkilatçısını saxlayıb

Berlin, 21 aprel, AZƏRTAC

Bu gün səhər tezdən GSG-9 xüsusi polis bölməsinin əməkdaşları Fröydenştadtda (Tyubinqen şəhərinin yaxınlığında) bir nəfər şübhəli şəxsi saxlayıblar.

Məlum olub ki, Dortmundun “Borussiya” klubunun futbolçularını daşıyan avtobusu partlatmağa cəhd göstərməsi ehtimal edilən Sergey V. adlı bu şəxs həm Almaniya, həm də Rusiya vətəndaşlığı olan 28 yaşlı köçkün almandır.

Günün birinci yarısında polis əməliyyatı hələ davam edirdi. Rottenburq-Nekkar şəhərciyindəki yaşayış məhəlləsi mühasirəyə alınıb, evlərin birində axtarış aparılıb. Almaniya KİV-lərində yayılmış məlumata görə, saxlanılmış şəxsin iki cinayət yoldaşı axtarılır. Ehtimala görə, onlar partladıcı qurğuları Dortmunda kirayə götürdükləri maşında gətiriblər.

Bu cümə günü saxlanılmış Sergey V. nə futbol fanatıdır, nə ekstremist, nə də islamçı-terrorçu. İstintaqın əldə etdiyi məlumata görə, Sergey V.-ni bu hərəkətə sövq edən yalnız tamahkar məqsədlər olub. Çox güman ki, o, “Borussiya” komandasının avtobusunda gedən futbolçuları partlatmaqla “Borussiya” səhmlərinin məzənnəsinin kəskin düşəcəyinə ümid edirmiş. Sergey V. fond bazarında qiymətli kağızların məzənnəsinin düşməsi hesabına iri məbləğ qazanmaq niyyətində olub.

Almaniya KİV-ləri bildirirlər ki, Sergey V. istehlak krediti götürərək bu il aprelin 11-də 78 min avro müqabilində 15 min opsion sertifikat alıb. 2017-ci il iyunun 17-dək qüvvədə olan bu sertifikatları təqdim etməklə o qiymətli kağızlar alıb satmaqla məşğul olmağı planlaşdırırmış. Sergey V.-nin birja spekulyasiyası ona götürdüyü kreditin məbləğindən bir neçə qat artıq uduş vəd edirdi.

Xatırladaq ki, aprelin 11-də Dortmundda Çempionlar Liqasının dörddəbir final matçında meydan sahibləri Fransanın “Monako” komandası ilə görüşməli idilər. Matçın başlanmasına bir saat qalmış içərisində “Borussiya”nın futbolçuları olan avtobusun yanında üç partlayış baş verib. Almaniya komandasını daşıyan avtobus saat 19:15-də “L’Arrivee” mehmanxanasından 10 kilometr məsafədə yerləşən stadiona getməli idi.

Avtobus parklanma yerindən çıxıb baş küçəyə dönəndən dərhal sonra yol kənarındakı kolluqda eyni vaxtda üç partladıcı qurğu işə düşüb, nəticədə maşının arxa pəncərəsinin şüşələri çilik-çilik olub.

Xoş bir təsadüf üzündən , bu hadisə zamanı ölən olmayıb. Yalnız bir futbolçu – ispaniyalı müdafiəçi Mark Bartra və avtobusu motosikletlə müşayiət edən polis işçisi yaralanıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.