DÜNYA
Almaniya polisi demokratiyanı dəstəkləyən mitinqi ləğv etməyə bəhanə tapmayıb
Berlin, 1 avqust, AZƏRTAC
Türkiyə hökuməti Avropa İttifaqına xəbərdarlıq edib ki, türk vətəndaşları üçün viza, Brüsselin vəd etdiyi kimi, oktyabr ayınadək ləğv olunmasa, qaçqınlar barədə sazişə əməl etməyəcək.
Bu ərəfədə Köln şəhərində konstitusiyalı hakimiyyətin tərəfdarları Türkiyədə qanunu və hüquq qaydasını dəstəkləyən mitinq keçiriblər. Bəzi alman KİV-ləri “demokratiyanı” özünəməxsus tərzdə izah edərək, çoxminlik aksiyanı “təbliğatçılıq” adlandırıb və hökumət orqanlarının mitinqə icazə verməsindən “hiddətləniblər”. Alman siyasətçilərinin sevdikləri toplantı azadlığı mövzusu nəyə görəsə yaddan çıxıb. Həmçinin KİV-də “Almaniyada Türkiyə Prezidentini dəstəkləyən nümayiş – bu necə mümkün ola bilər” kimi təxribat məzmunlu sərlövhələrə də rast gəlinir, elə bil indiki Türkiyə hökumətinin də formalaşdığı demokratiyanın carçısı Almaniya deyil.
Polis türk mənşəli alman vətəndaşlarını toplantı və dinc kütləvi aksiya keçirmək kimi konstitusion hüququndan məhrum etmək üçün ən kiçik bəhanə axtarırdı. Məsələn, Şimali Reyn-Vestfaliya Federal Əyalətinin daxili işlər naziri Ralf Yeqer deyib: “Əgər bu nümayişlərdən zorakılığa çağırış kimi istifadə edilsə, polis ləngimədən qarışacaq”. Halbuki təqdim edilən şüarlarda zorakılığa çağırış məzmunu olmayıb.
Nazir deyib ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonra, guya Şimali Reyn-Vestfaliya ərazisində “Ərdoğana müxalif olanları və onu tənqid edənləri qorxutmaq, təhdid etmək və vandalizm” halları qeydə alınıb. Lakin nazir öz fikrini heç bir sübut və faktla əsaslandırmayıb. “Ona görə də biz planlaşdırılan nümayişlər zaman konstitusiya hüquqlarının pozulub-pozulmamasını çox diqqətlə izləyəcəyik”, - deyən Ralf Yeqer AFR-də yaşayan əksər türklərin konstitusiya hüquqlarını heç yada salmayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin