DÜNYA
Almaniya qəzeti Ermənistanın əyalətlərində hökm sürən səfalətdən yazır
Bakı, 26 noyabr, AZƏRTAC
Ermənistanın əyalətlərində səfalət hökm sürür. İşğalçı ölkəyə səfər edən bir qrup avropalı jurnalist əhalinin yoxsul həyat tərzini öz gözləri ilə görüb.
Almaniyanın nüfuzlu “Şvaebişe post” qəzetində bu barədə geniş məqalə dərc edilib.
“Gördüyümüz yoxsulluq bizi utandırır”. Ermənistana səfər edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Baden-Bartenberq Torpağı Birliyinin nümayəndələri qəzetə müsahibələrində belə deyiblər. Onları müşahidə edən avropalı jurnalistlər də bu ölkədə əhalinin yaşayış səviyyəsinin çox aşağı olduğunu bildiriblər.
Səfər təəssüratları ilə bağlı “Şvaebişe post” qəzetində “Ermənistandakı yoxsulluqdan dəhşətə gəldilər” adlı məqalə dərc olunub.
Yazıda qeyd edilir ki, bir sıra humanitar təşkilatların nümayəndələri “Mərhəmət mətbəxi” adlı humanitar yardım proqramı çərçivəsində Ermənistanın şimal bölgəsində səfalət içərisində yaşayan 450 qoca və 250 uşağa yardım etmək məqsədilə bu ölkəyə gəliblər.
Bildirilir ki, hökumət onlar üçün heç nə etmir. Humanitar təşkilatlar olmasa Ermənistanın əyalətlərində yaşayış daha dözülməz olar. Məqalədə almaniyalı qonaqların Gümrü və Vanadzor şəhərlərində gördükləri acınacaqlı həyat şəraitindən bəhs edilir. Ermənistan əhalisinin yoxsulluq həddindən aşağı səviyyədə yaşamasına dair məlumat verilir.
Ermənistana səfər edən nümayəndələrdən biri olan Kurd Vayqant deyib ki, əhalinin belə qeyri-insani şəraitdə yaşamasını və dövlətin öz vətəndaşlarının qayğısına qalmamasını anlaya bilmir. Digər nümayəndə Briqqe Abelə isə İrəvan merinin yerinə xəcalət çəkdiyini bildirib.
Məqalədə qeyd edilir ki, bu yerlərdə 1988-ci ildən bəri heç nə dəyişməyib: “Ermənistanın əksər qəsəbə və kəndlərində təsərrüfatda yalnız qadın və uşaqların işlədiyini görmək olar. Bunun səbəbi isə kişilərin ailələrini tərk edib xaricə getmələridir. Yerdə qalanlar da səfil həyat tərzinə alışıblar”.