MƏDƏNİYYƏT
Almaniya qəzeti tarixən Cənubi Qafqazda məskunlaşmış almanlara həsr olunan sərgidən yazır
Berlin, 8 avqust, AZƏRTAC
Almaniyanın “Schwäbisches Tagblatt” qəzetində Roytlinqen Şəhər Diyarşünaslıq Muzeyində keçirilmiş, tarixən Cənubi Qafqazda məskunlaşmış almanların həyatını əks etdirən “İtirilmiş izlər. Qafqaza şvab köçü-1817” adlı fotosərgi barədə “Köç hekayələrinin təsiri altında axan göz yaşları” sərlövhəli məqalə dərc olunub.
Məqalədə sərgiyə 2000-dən çox ziyarətçinin baş çəkdiyi bildirilir. Roytlinqen Şəhər Diyarşünaslıq Muzeyinin direktoru Verner Ştröbele qeyd edir ki, mövzu ilə maraqlananlar və mütəxəssislərlə yanaşı, vaxtilə əcdadları Cənubi Qafqazda yaşamış almanların da bir çoxu sərgini ziyarət edib və ailələrinə aid sənədlərlə tanış olublar. Məqalədə ziyarətçilərin bir hissəsinin sərgidə nümayiş olunan ailə hekayələrindən təsirləndikləri, bəzilərinin göz yaşlarına hakim ola bilmədikləri bildirilir.
Məlumat verilir ki, Diyarşünaslıq Muzeyinin hələ 1939-cu ildə açılışı zamanı ona Azərbaycandakı Helenendorf qəsəbəsindən divar böyüklüyündə iki ağ-qara rəsm əsəri hədiyyə edilib və hazırda həmin əsərlər də muzeydə nümayiş olunur. Sərgidə nümayiş etdirilən eksponatlardan ibarət kataloq da dərc edilib.
Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva-Maria Auxun təşəbbüsü ilə baş tutmuş sərgi cari il 6 may-6 avqust tarixlərində keçirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin