DÜNYA
Almaniya rəqəmsal yüksək texnologiyaların inkişafında geri qalmağa başlayıb
Berlin, 24 iyul, AZƏRTAC
Almaniya rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqində digər inkişaf etmiş ölkələrdən xeyli geri qala bilər. Bu barədə “Welt am Sonntag” qəzeti Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin Fraunhofer adına Sistem və İnnovativ Tədqiqatlar İnstitutu ilə birgə hazırladığı məruzəsinə istinadla məlumat yayıb.
Sənədə əsasən Almaniya Finlandiya, ABŞ və Böyük Britaniyadan geri qalır və reytinqdə Fransadan sonra 17-ci yeri tutur.
AFR-in iqtisadiyyat naziri Brigitte Tsipris qəzetə müsahibəsində bildirib ki, Almaniya genişzolaqlı internetin yeni şəbəkələrini qurur. Lakin bu, çox zəif sürətlə gedir və gələcəkdə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə təsir göstərə bilər. Bununla belə, nazir qeyd edib ki, Industrie 4.0 – internet-texnologiyalarında işləyən tam avtomatlaşdırılmış istehsalat yaradılması üçün rəqəmsal texnologiyalardan istifadə edilməsi sahəsində Almaniya dünya liderlərindən biridir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin