DÜNYA
Almaniya seçicilərinin üçdəbir hissəsi populistdir
Berlin, 25 iyul, AZƏRTAC
Bertelsman Fondu bundestaqa seçkilər ərəfəsində almaniyalı seçicilər arasında populist tendensiyaları tədqiq edib. Populist düşüncəli respondentlərin sayı təqribən 30 faiz təşkil edib. Rəyi soruşulanların üçdəbir hissəsindən bir qədər çoxu (36,9 faiz) populist mövqenin əleyhinə olub, 33,9 faizi isə qismən bu mövqeni bölüşüb. Bu barədə məlumatı fondun məruzəsinə istinadla KNA agentliyi yayıb.
Populist düşüncəli seçicilərin 69 faizi Almaniyanın Aİ-yə üzvlüyünü dəstəkləyib, 85 faizi demokratiyanı ən yaxşı siyasi sistem adlandırıb.
Almaniyanın bütün siyasi spektrinin seçiciləri arasında populist əhval-ruhiyyə var, amma AFR kansleri Angela Merkelin Xristian Demokrat İttifaqı partiyasının tərəfdarları arasında onların sayı az, “Almaniya üçün alternativlər” (AA)partiyasının seçiciləri arasında isə çoxdur.
Populist düşüncə insanların təhsil, habelə gəlir səviyyəsindən də asılıdır. Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, gəliri çox olan seçici populist ideyaları daha az dəstəkləyir. Bununla belə, insanda bu cür əhval-ruhiyyənin yaranmasına onun nə cinsi, nə də yaşı təsir göstərir.
Tədqiqatda 1,6 mindən çox respondent iştirak edib. Onlar ekspertlərin səkkiz sualını cavablandırıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin