İQTİSADİYYAT
Almaniya şirkətinin Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılmasında iştirakla bağlı təklifləri dəyərləndirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Almaniyanın “SMS group” şirkətinin Qərbi və Şərqi Avropa, Yaxın Şərq regionu, Asiya, Şimalı və Cənubi Amerikanın 40-dan çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri yüksək səviyyədə servis xidmətləri təqdim edirlər. Metallurgiya sənayesi üçün ən müasir avadanlıqlar istehsalı ilə məşğul olan müəssisə Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılmasında iştirak etmək niyyətindədir. Bu barədə cəmiyyətin sədri Samir Cəfərovun şirkətin vitse-prezidenti Yens Bartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı məlumat verilib.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə 140 illik təcrübəyə malik Almaniya şirkətinin təqdimatı olub. Bildirilib ki, 13800 işçisi olan “SMS group”un illik dövriyyəsi 3,5 milyard avrodan çoxdur. Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibinə daxil olan polad məmulatları zavodunda istifadə ediləcək avadanlıq və texnoloji qurğuların bu şirkət tərəfindən quraşdırılması təklifləri dəyərləndirilib.
Tərəflər avadanlıqların istehsal olunacaq məhsulun maya dəyərinə təsiri, texniki təhlükəsizlik, avtomatlaşdırma mərhələləri kimi məsələləri də müzakirə ediblər.