DÜNYA
Almaniya və İsveç kredit agentlikləri “Yamal” LNG layihəsini maliyyələşdirəcək
Bakı, 22 aprel, Nihad Budaqov, AZƏRTAC
Almaniya və İsveç ixrac kredit agentlikləri “Yamal” mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin maliyyələşdirilməsində iştirak edəcək.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın ən iri özəl qaz istehsalçısı olan “Novatek” şirkətinin rəhbəri Leonid Mikelson deyib.
“Almaniya və İsveç kredit agentliklərinin layihədə iştirakı siyasi baxımdan vacibdir. Kredit agentlikləri bu yaxınlarda layihənin maliyyələşdirilmsinə razılıq veriblər”, - deyə o bildirib.
Qeyd edək ki, hava temperaturunun mənfi 50 dərəcəyə çatdığı, Rusiyanın Şimal Qütbündəki Yamal yarımadasında yerləşən Sabetta qəsəbəsində reallaşdırılacaq “Yamal” LNG layihəsi qütbdə həyata keçirilən ilk LNG müəssisəsi olacaq. “Yamal” LNG Layihəsinin təxminən 2 ilə başa çatdırılması nəzərdə tutulur. Dünyanın ən böyük sənaye müəssisələrdən biri olacaq, eyni zamanda da ilk dəfə buzqıran tankerlərin istifadə ediləcəyi bu böyük layihə üzrə hər biri illik 5,5 milyon ton LNG istehsal etmək gücünə malik üç hissədən ibarət zavod olacaq. Layihə tamamlandıqdan sonra buranın ümumi gücü ildə 16,5 milyon tona çatacaq.