İDMAN
Almaniyada “Hannover International Cup” Beynəlxalq futbol turnirinin püşkatma mərasimi keçirilmişdir VİDEO
Hannover, 29 may (AZƏRTAC). Mayın 28-də Hannover şəhərinin bələdiyyə idarəsinin binasında “Hannover International Cup“ Beynəlxalq futbol turnirinin püşkatma mərasimi keçirilmişdir.
Azərbaycanın Respublika Günündə təşkil olunan tədbirdə doğma ölkəmizi Hannover şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına İdman Klubu (TUS Hannover “Heydar Aliyev” e. V.) idarə heyətinin sədri Etibar Qəniyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Həvəskar oyunçular arasında iyulun 12-də Almaniyanın Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində keçiriləcək bu “mini dünya çempionatında” 20 ölkənin futbol komandaları yarışacaqlar.
Qeyd edək ki, Azərbaycanın yığma komandası ötən il iyunun 15-də - Milli Qurtuluş Günündə Hannover şəhərində keçirilmiş futbol çempionatında bir çox güclü rəqibləri geridə qoyaraq özünə layiqli yer tuta bilmişdir. Məlumat verildiyi kimi, xalqımızın Ümummilli Liderinin ölkəmizə rəhbərliyi illərində idmanın inkişafı sahəsində əldə edilən misilsiz nailiyyətlərin təcəssümü olaraq onun Azərbaycanın siyasət səhnəsinə qayıdışının 20-ci ildönümü günündə Hannover şəhərində Heydər Əliyev adına İdman Klubunun yaradılması təklifi ilə çıxış edilmişdir. Ulu Öndərimizin idmana göstərdiyi əvəzsiz qayğının təzahürü olaraq onun adına Almaniyanın mərkəzi paytaxt şəhərlərinin birində idman klubunun yaradılması fikrini ötən il iyunun 15-də keçirilmiş yığıncağın iştirakçıları yekdilliklə dəstəkləmiş, Heydər Əliyev adına İdman Klubunun təsis olunması ilə bağlı Hannover şəhərinin dövlət orqanlarının məlumatlandırılması və bu klubun rəsmi dövlət qeydiyyatına alınması məsələlərinin həllini “Xəzər“ Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyevə həvalə etmişlər. Ulu Öndərimizin anadan olmasının 91-ci ildönümündə Hannover Şəhər Məhkəməsinin qərarı ilə Heydər Əliyev adına TUS Hannover “Heydar Aliyev” E. V. idman klubu rəsmən dövlət qeydiyyatından keçmişdir.
İdman klubunun əsas məqsədi kimi respublikamızda idman sahəsində misilsiz beynəlxalq nailiyyətlərin qazanılmasında əvəzsiz rolu olan Ulu Öndərin və onun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə genişmiqyaslı fəaliyyətinin məntiqi nəticəsi olaraq Azərbaycan idmanının Almaniyada yüksək səviyyədə təbliği, həmvətənlərimizin, eləcə də digər həvəskar atletlərin idman klubunda fəal iştirakı, müxtəlif idman növləri üzrə bu Avropa ölkəsində müxtəlif yaş hədlərində keçiriləcək beynəlxalq yarışlara qatılması və bu istiqamətdə onların alman cəmiyyətinə inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulmuşdur.
Mayın 28-də keçirilmiş mərasimdə püşkləri istedadlı futbolçu, Almaniyanın bir sıra futbol klublarında geniş təcrübə toplamış, 16 yaşlı həmvətənimiz Cavid Həbibov çəkmişdir. Püşkün nəticələrinə görə, Azərbaycan yığma komandası “B” qrupunda Rusiya, Cənubi Amerika, Kosovo və Qana kimi çətin rəqiblərlə yarışacaqdır. Lakin buna baxmayaraq yığma komandamızda əhval-ruhiyyə çox böyükdür. Həmvətənlərimiz bu il ən azı birinci beşliyə daxil olmağı öz qarşılarına məqsəd qoymuşlar. Komandanın heyətinin idman geyimləri, futbol çempionatında iştirakı, məşqlərinin təşkili və digər bu kimi xərclər Hannover şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına İdman Klubu tərəfindən maliyyələşdiriləcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Hannover