DÜNYA
Almaniyada builki “kül çərşənbə” tədbirləri ləğv edilib
Berlin, 10 fevral, AZƏRTAC
Bad Ayblinq (Bavariya) yaxınlığında qatarların toqquşması ilə əlaqədar “kül çərşənbə” tədbirləri ləğv edilib. AFR-in siyasi partiyaları “xalq içinə çıxmaqla” müşayiət olunan ənənəvi zarafatyana çıxışlara qoşulmaqdan imtina ediblər. Bu qərar Xristian-Sosial İttifaqı (XSİ), Almaniya Sosial-Demokrat Partiyası (ASDP), “yaşıllar”, Solçu Partiya və Azad Demokratik Partiya (AzDP) tərəfindən qəbul edilib. Dəmir yolunda baş vermiş faciə ilə əlaqədar, Xristian-Demokratik İttifaqın Meklenburq - Ön Pomeraniya əyaləti üzrə bölməsində AFR kansleri Angela Merkel ilə görüş ləğv olunub.
Fevralım 9-da səhər Bavariyadakı Bad Ayblinq kurortu yaxınlığında iki sərnişin qatarı toqquşub. Nəticədə azı 10 nəfər həlak olub, daha 80-ə yaxın insan yaralanıb.
Ənənəvi “kül çərşənbə” tədbirləri zamanı almaniyalı siyasətçilər geniş xalq kütləsi qarşısında zarafatyana çıxışlar edir, öz opponentlərinin ünvanına kəskin tənqidi sözlər söyləyir. Bayram şəraitində keçirilən bu tədbirlərin iştirakçıları pivə içir, alman milli mətbəxinin yeməklərini dadırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin