SİYASƏT
Almaniyada erməni yalanlarının ifşasına həsr olunan tədbirlər keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Almaniyadakı Türk-Azərbaycan Birliyi qondarma erməni soyqırımı iddialarının tarixi faktlarla ifşasına həsr olunan seminar və konfranslar keçirib. Silsilə tədbirlər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Berlin-Brandenburq Atatürk Düşüncə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, ölkəmizin Almaniyadakı səfirliyinin təşkilati dəstəyi ilə reallaşıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Berlin, Dortmund, Bielefeld, Hamburq şəhərlərində keçirilmiş seminar və konfranslarda Azərbaycan və türk icmalarının nümayəndələri, gənclərin, tələbələrin, media təmsilçilərinin, eləcə də Türkiyə və Azərbaycan səfirliklərinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər layihənin məqsədi haqqında danışıblar.
Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı iştirakçılara konfransın mövzusu ilə bağlı məlumat verib, araşdırmalar zamanı gəldiyi nəticələri bölüşüb. O, işlədiyi arxivlərdən əldə etdiyi məlumatları açıqlayıb, yeni faktlarla tarixi həqiqətləri diqqətə çatdırıb. Dağlıq Qarabağ münaqişəsinin də məhz ermənilərin millətçi və təxribatçı siyasətinin davamı olduğunu bildirən M.Qasımlı münaqişənin tarixi kökləri barədə ətraflı məlumat verərək, son 200 ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini deyib. O, Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla diqqətə çatdırıb.
Almaniyanın Duysburq şəhərindən konfransa qatılan “Sülh dialoqu” Cəmiyyətinin sədri Ali Söylemezoğlu isə əldə olunmuş məlumat və materiallardan düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qondarma soyqırımı ilə bağlı aşkarlanmış tarixi faktların erməni təxribatlarına qarşı mübarizədə istifadə edilməsi və gənc nəsillərə çatdırılması vacibdir.
Konfransda 2015-ci ildə ermənilərin qondarma soyqırımının 100 illiyi ilə əlaqədar təbliğatına qarşı mübarizənin Azərbaycan və türk diasporunun qarşısında duran prioritet vəzifə olduğu vurğulanıb.