DÜNYA
Almaniyada federal əyalətlərin sayı azaldıla bilər
Bakı, 29 iyul, Elşad Qəzvini, AZƏRTAC
Hazırda 16 federal torpaqdan ibarət olan Almaniyada əyalətlərin sayı azaldıla bilər.
AZƏRTAC Almaniyanın “Focus-online” saytına istinadla xəbər verir ki, bu ölkənin sabiq nəqliyyat və inşaat naziri, Brandenburq əyalətinin keçmiş Baş naziri Manfred Ştolpe hökumətə maraqlı təkliflə çıxış edib. O, Brandenburq, Berlin, Saksoniya-Anhalt və Meklenburq-Vorpommern federal torpaqlarının yeni yaradılacaq bir əyalətdə birləşdirilməsi təklifini irəli sürüb.
Əgər yeni federal torpaq yaradılarsa onun ərazisi hazırda Almaniyanın ən böyük əyaləti olan Münhendən qat-qat böyük (74 min kvadratkilometr) olacaq, əhalisinin sayına görə isə hətta Avstriyanı (9,7 milyon) üstələyəcək.
Almaniyada qədimliyini saxlayan və yenilənməsi nəzərdə tutulmayan üç torpaq var ki, bunlar Baden-Vürtenberq, Bavariya və Reyn-Vestfaliya federal əraziləridir. Ekspertlərin fikrincə, M.Ştolpenin bu layihəsi uzun müzakirələrə səbəb olacaq və bunu reallaşdırmaq asan başa gəlməyəcək.