DÜNYA
Almaniyada məişət zəminində antisemitizm güclənir
Berlin 27 aprel, AZƏRTAC
Almaniya sakinləri arasında antisemitizm burada yaşayan yəhudilərin nöqteyi-nəzərindən getdikcə daha böyük problemə çevrilir. Bu fikir müstəqil ekspertlər komissiyasının bundestaq üçün hazırladığı və bu həftə açıqladığı məruzədə yer alıb. Üç yüz səhifəlik hesabatda yəhudilərə nifrət zəmində törədilən hüquq pozuntuları təhlil edilib. Məruzə müəlliflərindən biri Marina Çernivski qeyd edir ki, Almaniyada yaşayan yəhudilər antisemitizmə onların gündəlik həyatına təsir edən təzahür kimi yanaşırlar. O əlavə edib ki, yəhudilər burada həm verbal, həm də fiziki hücumlara məruz qalırlar.
Bu yaxınlarda Berlində yaşayan 14 yaşlı yəhudi yeniyetmənin hadisəsi Almaniya ictimaiyyətinin böyük marağına səbəb olub. Sinif yoldaşları bir neçə ay ərzində onu sıxışdıraraq təhqir ediblər. Guya onlardan biri deyib: “Bütün yəhudilər qatildirlər”. Şagirdlər uşağa zor tətbiq etməyə başlayandan sonra valideynləri onu bu məktəbdən götürüblər.
Son illər bu hesabata bənzəyən tədqiqatlar nümayiş etdirir ki, Almaniyanın hər beş sakinindən biri “gizli antisemitizm” təzahürlərini hiss edir. Bununla belə, ekspertlər ümumi nəticə çıxarmağa tələsməməyi tövsiyə edirlər. Onlar bütün müsəlman icmalarının və məscidlərin antisemit təbliğat mənbəyi kimi təsvir olunması əleyhinə çıxırlar. Tədqiqat çərçivəsində 18 imam arasında sorğu aparılıb. Sorğu onlar arasında açıq antisemitizm halları aşkara çıxarmayıb, hərçənd ərəb-İsrail münaqişəsinə görə onların İsrailə tənqidi münasibət bəslədiklərini göstərib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin