DÜNYA
Almaniyada terrorçulara silah satan şəxs tutulub
Bakı, 27 noyabr, AZƏRTAC
Almaniyada Parisə terror hücumları üçün internet vasitəsi ilə silah satan şəxs tutulub. KİV-lərin məlumatına əsasən, Maqştatdte şəhərinin 33 yaşlı sakini Saşa V (Sascha W) bu ilin avqust ayından noyabrın 18-dək azı 8 dəfə silah satışında iştirak edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Saşanın mobil telefonunda aşkarlanan məlumata görə, avtomat silahlar “Parisli ərəb” tərəfindən alınıb. Bir qədər əvvəl Parisdə törədilən terror aktlarının təşkilatçılarının noyabr ayının əvvəlində silah tacirindən Çin istehsalı olan 2 ədəd AK-47 və Yuqoslaviya istehsal edilmiş 2 ədəd “Zastava M70” avtomatları aldıqları müəyyənləşib.
Hazırda silah alverçisi Ştutqart şəhərində nəzarət altında saxlanılır. Axtarışlar zamanı onun evindən 16 ədəd odlu silah tapılıb.
Xatırladaq ki, noyabrın 13-də Parisdə koordinasiya olunmuş silsilə terror aktları törədilib. Son məlumata görə, 130 nəfər həlak olub, 350-dən çox insan isə yaralanıb. Bu, Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.