ELM VƏ TƏHSİL
Almaniyalı alim və mütəxəssislər ADNSU-da
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Şərqi, Mərkəzi Avropa və Cənubi Qafqaz regionu üzrə əlaqələndiricisi Kay Franke və Maqdeburq Universitetinin professoru Holm Altenbax ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, burada həyata keçirilən proqramlar barədə danışıb.
K.Franke Almaniya universitetləri ilə əməkdaşlıq imkanlarından söz açıb və ADNSU-nun bu əməkdaşlıqda maraqlı olmasından məmnunluğunu bildirib.
Professor H.Altenbax təmsil etdiyi ali məktəb ilə ADNSU arasında birgə layihələrin və akademik mübadilənin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.
Sonra əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.