SİYASƏT


Almaniyalı deputat Katrin Albsteiger: Mülki əhali zorakı toqquşmaların qurbanı olmamalıdır

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.

TEAS-dan AZƏRTAC-a verilən məlumat görə, almaniyalı deputat Katrin Albsteiger bildirib ki, Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür.

Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Almaniya Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların qurbanı olmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.