DÜNYA


Almaniyalı ekspertlər Ərdoğan ilə Putinin bugünkü görüşü barədə həyəcanlı proqnozlar verirlər

A+ A

Berlin,9 avqust, AZƏRTAC

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşmək üçün bu gün Rusiyaya səfər edəcək. Almaniyalı ekspertlər həyəcanlı halda bu səfərin məqsədləri, motivləri və mümkün yekunları barədə proqnoz verməyə çalışırlar. Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) xarici siyasət üzrə eksperti Nils Annen deyib: “Türkiyənin NATO-dan uzaqlaşması və Putinə üz tutması bizim xeyrimizə ola bilməz”. Görünür, ekspert unudub ki, Türkiyənin Qərbdən uzaqlaşmasında və bu ölkənin xarici siyasət oriyentirlərinin dəyişməsində əsasən Qərb özü təqsirkardır. Annen vurğulayıb ki, Ankara ilə dialoqu kəsmək olmaz. Bundan əlavə, o, Türkiyənin dövlət başçısının sağlam mühakiməyə əsaslandığını vurğulayıb. Annen deyib: “Ərdoğanın Putinlə görüşü onu göstərir ki, Türkiyə Prezidenti heç də hərəkətlərini proqnozlaşdırmaq çətin olan emosional siyasətçi deyil. Əksinə, Türkiyə İsraillə barışandan sonra Ərdoğanın Rusiya ilə yaxınlaşmağa yenidən cəhd göstərməsi onun son dərəcə praqmatik siyasətçi olmasına, özünün xarici siyasi fəaliyyət imkanlarını genişləndirməsinə dəlalət edir”.

Lakin nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərin bugünkü səviyyəyə enməsi üçün əlindən gələni edib. Buna görə Annenin həmin fikirləri bir qədər gecikib. PKK terror təşkilatının Suriya cinahına Avropanın gizli rəğbət bəsləməsi və Türkiyədə qiyam cəhdində Qərbin müəyyən qüvvələrinin əli olması barədə get-gedə çoxalan sübutlar da az rol oynamayıb. Təbii ki, Almaniyanın və digər Avropa ölkələrinin KİV-lərində qatı antitürk kampaniyası da öz təsirini göstərib.

Avropa Parlamenti rəhbərinin müavini, Almaniyanın Azad Demokratik Partiyasının üzvü Aleksander Lambsdorff hesab edir ki, Türkiyə Qərblə əlaqələri pozmağa çalışmır. Siyasətçi “Funke” media qrupunun qəzetlərinə verdiyi müsahibədə deyib: “Rusiya Avropa oriyentasiyasının alternativi deyil. Ərdoğan Putinin yanına gedib ki, özünü başqa cür apara biləcəyini nümayiş etdirsin. Lakin Türkiyənin Avropa bazarlarına çıxmağa və öz təhlükəsizliyini təmin etmək üçün NATO-nun qarantiyalarına ehtiyacı var”.

Başqa bir ekspertin fikrincə, Ankara ilə Moskva arasında strateji tərəfdaşlıq deyil, yalnız taktiki tərərfdaşlıq mümkündür. Xüsusən nəzərə almaq lazımdır ki, Rusiya Ərdoğana Qərb ölkələrinin təklif edə biləcəyindən xeyli az mənfəət vəd edə bilər.

Bu, çox qəribə bəyanatdır, xüsusən ona görə ki, milyonlarla suriyalı qaçqını Türkiyədə və onun hesabına saxlamaq müqabilində Avropa Türkiyə vətəndaşları üçün vizasız rejim kimi cüzi bir imkan da vermək istəməyib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.