REGİONLAR
Almaniyalı gənclər Mingəçevirdə əlil uşaqlarla görüşüblər
Mingəçevir, 7 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Almaniyanın Fulda şəhərindən olan bir qrup gənc Mingəçevirə səfər edib. Fulda şəhər gənclər evinin üzvü olan 10-a yaxın gəncin səfərinin məqsədi əlil uşaqların həyat və yaşayış vəziyyəti ilə yaxından tanış olmaq, eləcə də Mingəçevirdə fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyi ilə qarşılıqlı fikir mübadiləsi aparmaqdır.
AZƏRTAC xəbər verir ki, almanıyalı gənclər əvvəlcə “Uşaq və Ailələrə Dəstək” Mərkəzindəki əlil uşaqların vəziyyəti ilə maraqlanıblar. Daha sonra qonaqlar “Qaranquş–Yeni nəsil” Asudə Zaman Mərkəzinə gəlib, “Yeni Azərbaycanın yeni baharları” adlı layihənin icrası ilə tanış olublar. Layihə rəhbəri Mətanət Yusifova həyata keçirilən tədbirlərlə bağlı qonaqlara məlumat verib.
Səfər zamanı almaniyalı gənclər əlil uşaqların əl işlərindən ibarət sərgilərlə də tanış olublar.
Fulda şəhər gənclər evinin rəhbəri Nizam Dəmir Almaniyada əlillərlə işləməyə iki il öncə başladıqlarını deyib: “Mən burada fiziki imkanları məhdud olan uşaqlarla aparılan işi gördüm. Bu istiqamətdə Azərbaycanda maarifləndirmə işləri aparılır, layihələr həyata keçirilir. Artıq uğurlar da var. Düşünürük ki, sağlamlığı məhdud olan bu uşaqların gələcəkdə cəmiyyətə adaptasiyası öz uğurlu nəticəsini verəcək”.
Jasmin adlı almaniyalı gənc qız isə təəssüratlarını bölüşərək deyib: “Bizim ölkədən fərqli olaraq Azərbaycanda uşaqlara bir neçə dildə təhsil verilir. Burada əlil və sağlam uşaqların bir yerdə məktəbdə təhsil alıb, oynamaları çox xoşuma gəldi. Biz burada gördüklərimizi çalışacağıq ki, bir təcrübə kimi Almaniyada tətbiq edək. Azərbaycanın yerləşdiyi məkan haqqında məlumatım var idi. Amma xalqınız haqqında, onun mədəniyyəti və tarixi ilə bağlı məlumatlı deyildim. Səfərimizin ilk dəqiqələrindən azərbaycanlıların nə qədər mehriban, qonaqpərvər olduqlarını hiss etdik. Sizlərlə ünsiyyət qurmaq çox asan və xoşdur. Burada müraciət etdiyim hər kəs öz ölkəsi, yaşadığı şəhər haqqında müfəssəl məlumat verə bilir. Bu, çox gözəl keyfiyyətdir”.
Daha sonra qonaqlar şəhərin görməli yerləri ilə tanış olublar.