ELM VƏ TƏHSİL
Almaniyalı professor Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) Almaniyanın Frayburq Universitetinin professoru Hans Verner-Huneke ilə görüş keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə fakültənin dekanı, dosent Ulduz Aslanova, kafedra müdiri, dosent Sevinc Rzayeva və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.
S.Rzayeva ADU-nun alman dili kafedrasının fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Almaniya universitetləri ilə əlaqələrdən danışan S.Rzayeva Frayburq Universiteti ilə də əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
Almaniyalı professor Hans Verner-Huneke çıxış edərək çalışdığı Frayburq Universitetinin fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışmışdır. Bildirmişdir ki, Almaniyanın Baden-Vurtemberq əyalətində yerləşən bu ali təhsil müəssisəsinin əsası 1457-ci ildə qoyulmuşdur. Frayburq Universitetinin beynəlxalq əlaqələrindən söz açan Hans Verner-Huneke ali təhsil ocağının Amerikanın, eləcə də Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini qeyd etmişdir. Yetmişdən çox ölkədən tələbələrin təhsil aldığı universitet beynəlxalq layihələr və təqaüd proqramları təqdim edir. Universitet DAAD proqramı ilə birlikdə hər il xarici tələbələrin Almaniyada təhsil və kurslarda iştirak edə bilmələri üçün təqaüd proqramı hazırlayır. Yalnız tələbələrə deyil, həmçinin doktorant və alimlər üçün də qısa və uzun müddətli təqaüd proqramları təqdim edir.
Digər çıxış edənlər də qarşılıqlı əməkdaşlıq məsələlərinin zəruriliyini vurğulamışlar.
Sonda Hans Verner-Huneke görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
######