CƏMİYYƏT
Almaniyalı professor Azərbaycan Tibb Universitetində olub
Bakı, 31 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 31-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Almaniyanın Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru, professor Karsten Perka ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov almaniyalı qonağın həyat və fəaliyyəti barədə məlumat verib, onun tibb sahəsində apardığı elmi araşdırmalardan danışıb. Akademik bildirib ki, K.Perka 1991-ci ildə Almaniyanın Humboldt Universitetinin insan təbabəti fakültəsini bitirib. Ortopediya və travmatologiya üzrə ixtisaslaşmış professor hazırda Berlində yerləşən Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin rəhbəri və həmin mərkəzin ortopediya kafedrasının müdiridir. O, Şimali Almaniya Ortopedik Assosiasiyasının Baş Katibi və Almaniya Artroplastika Cəmiyyətinin növbəti müddətə seçilmiş prezidentidir.
K.Perkanın ortopediyada əsas maraq sahəsi böyüklərdə bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oynağı üzərində rekonstruktiv proseduralardır. Buraya həm birincili, həm də təkrari müdaxilələr aiddir. Professorun elmi araşdırmaları daha çox bud və diz oynaqlarının total artroplastikasına həsr olunub. O, müxtəlif qrant layihələrin, o cümlədən 280 elmi məqalənin müəllifidir.
Rektor, həmçinin diqqətə çatdırıb ki, Şarite Universitet Klinikası ilə ATU-nun əlaqələri mövcuddur. Bununla bağlı, bir sıra müqavilələr də imzalanıb. Biz həmin klinikanın ortopediya və travmatologiya sahəsi ilə də əlaqələr qurmaq niyyətindəyik. Artıq gənc mütəxəssislərimizin K.Perkanın rəhbərlik etdiyi mərkəzdə 3-6 aylıq təcrübə keçməsi üçün razılıq əldə edilib.
Almaniyalı alim ATU haqqında öz təəssüratlarını bölüşüb, bu ali məktəbin nəzdindəki klinikaların işi ilə tanış olduğunu, bu müəssisələrin yüksək səviyyəli xidmət göstərdiyini bildirib.
Sonra professor K.Perka sümük-əzələ cərrahlığı haqqında məruzə ilə çıxış edib. O, bud və diz oynaqlarının total artroplastikasına həsr olunmuş elmi araşdırmalarının nəticələrindən danışıb. Eyni zamanda, öz araşdırmalarında istifadə olunan yeni cərrahi texnikalar, prosedur və yanaşmaların klinik praktikada tətbiqindən söz açıb, iştirakçıların suallarını cavablandırıb.
Görüşdə professor K.Perkaya “ATU-nun fəxri qonağı” diplomu təqdim olunub.