ELM VƏ TƏHSİL
Almaniyalı professorlar Bilik Fondunda
Bilik Fondunun informasiya təminatı sektorundan AZƏRTAC-a bildirilər ki, Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru Klaus Volfla görüşdə Fondun əməkdaşları ilə yanaşı, müxtəlif universitetlərin tələbələri də iştirak ediblər.
Beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qonaqlara rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin neftdən gələn gəlirin insan kapitalına yönəldilməsi ilə bağlı gördüyü işlərdən danışan icraçı direktor Z.Hartmana Fondun layihələrində və Almaniyada fəaliyyət göstərən bu tipli təşkilatlarla əlaqələrinin qurulmasında yaxından iştirak etməyi təklif edib.
Z.Hartman Bilik Fondu ilə bağlı məlumatdan məmnun qaldığını deyib. Özünü Azərbaycanda ev sahibi kimi hiss etdiyini deyən almaniyalı professor Bakıya dəfələrlə gəldiyini, hər səfərində bütün sahələrdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb. Bilik Fondu ilə geniş əməkdaşlığa hazır olduğunu bildirən Z.Hartman azərbaycanlıların öyrənməyə, intellektual potensiallarını artırmağa meylli olduqlarını vurğulayıb və bu baxımdan Bilik Fondunun yaradılmasını yüksək dəyərləndirib. Qonaq onu da qeyd edib ki, təcrübə mübadiləsi, tanınmış almaniyalı alimlərlə əməkdaşlıq Fondun fəaliyyətinə böyük töhfə verə bilər.
On beşinci əsrdə alman səyyahın türklərlə bağlı əlyazmaları üzərində tədqiqatlar aparan professor Klaus Volf hazırda Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə ixtisaslaşmış mütəxəssisləri ilə əlaqə qurmaq üçün Bilik Fondundan dəstək istəyib.
Bakı Slavyan Universitetinin fəxri professoru Z.Hartmann bu ali məktəblə birgə həyata keçirilən “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihənin müəlliflərindəndir.