İQTİSADİYYAT


Almaniyanı kəşf edirik: Berlin – paytaxt həyatının mərkəzində VİDEO

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Berlinə axşam vaxtı çatdıq. Əvvəlcə şəhər bizə sərt təsir bağışladı: demək olar ki, ins-cins gözə dəyməyən küçələr, boz evlər, yağış... Rahat, səliqəli Baden-Badendən və Düsseldorfdan sonra Almaniya paytaxtında sanki daş cəngəlliyə düşmüşdük. Lakin ertəsi gün Berlinin obrazına xoş çalarlar əlavə olundu. Rusdilli bələdçinin müşayiəti ilə velosipedlə ekskursiya bu mürəkkəb şəhərin keçmişi və bu günü ilə tanış olmağa kömək etdi. Daha sonra Reyxstaq günbəzinə qalxmağımız, Aleksanderplats adlı izdihamlı meydana, zooparka və dünyada ən böyük örtülü akvaparka getməyimiz sayəsində Berlin səfərimiz həqiqətən unudulmaz oldu.

Hüzn divarı, Xak həyətləri və Aleksanderplas

Bizim qaldığımız otel Fridrixştrasse vağzalının yaxınlığında yerləşir. Eyni adlı küçə də buradan başlanır. Şəhər Berlin divarı ilə bölünəndən sonra yaradılmış məşhur Çekpoynt Çarli (ingiliscə “Checkpoint Charlie” adlanır) sərhəd nəzarət-buraxılış məntəqəsi məhz bu küçədə yerləşirdi. Avropada ən iri və müasir dəmiryol vağzalı olan Hauptbanhof (Hauptbahnhof), Reyxstaqın binası və digər görməli yerlər, gəzinti gəmilərinin üzdüyü Şpre çayı – bunlar hamısı yaxınlıqdadır.

Ekskursiya agentliyinə yollanırıq. Orada bizim üçün Berlin üzrə velosiped turu sifariş edilib. Bizə bir rusdilli bələdçi və iki velosiped ayırırlar. Vəzifəmiz sadədir: pedalları fırlatmaq, bələdçidən geri qalmamağa çalışmaq lazımdır. Maraqlı abidələrin və görməli yerlərin yaxınlığında dayanıb nəfəsimizi dərir və bələdçinin söhbətinə qulaq asırıq.

İlk növbədə Bernauer-ştrasse küçəsi ilə hərəkət edirik. 1989-cu ilə qədər şəhəri iki hissəyə bölmüş Berlin divarının sərhədi beton hasarla nişanlanıb. Burada divar memorialı yerləşir. Ziyarətçilər bu divarın tarixi barədə ətraflı məlumat ala bilərlər. Yaxınlıqdakı əraziyə nəzarət edilən orijinal gözətçi vışkalarından biri hələ də qorunub saxlanır. Binaların üzərindəki çoxsaylı ağ-qara fotoreproduksiyalar mübaliğəsiz olaraq xalqın faciəsi adlandırıla biləcək bu hadisəni əyani şəkildə əks etdirir. Şəhərdə bu divarın və ya buraxılış məntəqələrinin fraqmentləri qalan başqa yerlər də var. Açığını deyim, belə yerlərə getməyimiz və soyuq müharibə dövründə bu ölkənin tarixi ilə tanışlıq bizə çox ağır təsir bağışladı.

Bir qədər dincəlmək üçün Bernauer-ştrasse və Bryunen-ştrasse küçələrinin tinindəki Ost-Vest kafesinə baş çəkdik. Amma özümüzü yenə rahat hiss etmədik. Kafenin interyeri Almaniya Demokratik Respublikası eklektikasına uyğun tərtib edilib, divarlarda həmin dövrə aid çoxsaylı fotoşəkillər, qəzetlərdən kəsilmiş məqalələr və məişət əşyaları diqqəti cəlb edir.

Marşrutumuzun sonrakı hissəsi Xak həyətlərindən keçir. Mitte rayonunda yerləşən bu həyətlər Almaniyada qapalı həyətlərdən ibarət ən iri memarlıq kompleksidir. Burada insanın gözü həqiqətən dincəlir. Yüz il bundan əvvəl tikilmiş və gözəl tərtibatlı səkkiz həyət sənaye və yaşayış təyinatlı binalar kompleksidir. Məsələn, birinci həyətdə təntənəli mərasimlər üçün zal, ikinci və üçüncü həyətlərdə fabrik binaları, yaşıllaşdırılmış daxili bloklarda balkonlu mənzillər yerləşir. Həmin dövrdə bu cür funksional təyinatlı binaların əlaqələndirilməsi nadir hadisə idi. Ötən əsrin 90-cı illərində bərpa edilmiş Xak həyətləri Berlində ən bahalı mülkə çevrilib. Bu gün buraya turistləri gətirirlər. Keçmiş fabrik sexləri ofis otaqlarına uyğunlaşdırılıb. Burada kiçik mağazalar və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Sakinlərin rahatlığının təmin edilməsi üçün gecələr həyətlər bağlanır.

Mənim fikrimi soruşsaydılar, 1805-ci ilin payızında burada olmuş Rusiya imperatoru I Aleksandrın şərəfinə adlandırılmış qədim Aleksanderplas meydanını Berlində ən ürəkaçan yer adlandırardım. Bu meydanda hər axşam əlvan yarmarkalar təşkil edilir. Onlarca çadırda müxtəlif ölkələrin – Almaniya, Hindistan, Türkiyə və Çinin küçə yeməkləri hazırlanır və satılır. İmprovizə edilmiş səhnədə musiqi kollektivləri, artistlər, gözbağlayıcılar çıxış edirlər. Bundan əlavə, suvenir məhsulları satılan çoxlu köşk var. Meydanın ətrafında populyar ticarət mərkəzləri və supermarketlər yerləşir. Almaniyada ən uca tikili sayılan 368 metr hündürlüyündə Berlin teleqülləsi də burada yerləşir. Teleqüllənin müşahidə meydançasına turistləri buraxırlar.

Lakin biz bu şəhərin panoramını başqa bir yerdə - Potsdam meydanındakı Panoram məntəqəsindən (Panoramapunkt) çəkməyi qərara aldıq. 1999-cu ildən ziyarətçilər üçün açılmış müşahidə meydançasından baxanda Brandenburq darvazaları, Reyxstaq, Almaniya federal kanslerinin idarəsi, Belvyu sarayı, Berlin kafedral kilsəsi, Jandarmenmarkt, kayzer Vilhelm memorial kilsəsi və şəhərin başqa məşhur obyektləri görünür. Bu bina həm də onunla əlamətdardır ki, orada bütün Avropada ən sürətli - saniyədə 8,5 metr məsafə qət edən lift qoyulub. Gözünüzü yumub açınca 100 metr yüksəkliyə (25-ci mərtəbəyə) çatırsınız.

Ekskursiya şirkətinin toplanış məntəqəsinə qayıdıb velosipedləri təhvil verdik və bələdçimizlə vidalaşdıq. Gündüz saat 1-də Reyxstaq binasının girəcəyində olmalı idik. Orada bizim üçün günbəzə ekskursiya nəzərdə tutulub. Almaniya Parlamenti Bundestaqın yerləşdiyi Berlinin əsas dövlət binasına hər kəs daxil ola bilər. Bunun üçün əvvəlcədən Bundestaqın rəsmi saytında (visite.bundestag.de) qeydiyyatdan keçib oraya getmə tarixini və saatını öyrənməlisiniz.

Reyxstaq günbəzi, metro labirintləri və zoopark

Reyxstaq binasının damına Qələbə bayrağı sancan sovet əsgərinin təsvir edildiyi arxiv kadrları yəqin ki, hamınızın yadındadır. Bu gün Bundestaq binasının damında şüşə və poladdan hazırlanmış möhtəşəm günbəz ucalır. Diametri 40 metr, hündürlüyü 23,5 metr olan bu günbəz 1999-cu ildə britaniyalı memar Norman Foster tərəfindən inşa edilib. Günbəzin damı altında düzəldilmiş müşahidə meydançasına uzunluğu 230 metr olan spiral şəkilli iki dairəvi rampa ilə qalxmaq olar. Hündürlüyü 40 metrdən çox olan bu meydançadan baxanda Berlinin dairəvi panoramı görünür. Günbəzə daxil olarkən sizə təqdim edilmiş rusdilli audiobələdçi Reyxstaqın və onun dövrəsindəki binaların tarixini, habelə günbəzin konstruksiya xüsusiyyətlərini şərh edir. Məsələn, parlamentin plenar iclas zalından buraya gələn pilləkən tədricən genişlənərək onun diametri 16 metrə çatır. 360 güzgü əksinin əmələ gətirdiyi qeyri-adi işıq oyunu hər kəsi heyrətləndirir. Güzgülərin üzərinə çəkilmiş xüsusi örtük həm işığı əks etdirir, həm də onu buraxır. Güzgülü panellər kompyuter proqramları ilə idarə edilən xüsusi filtrlərlə təchiz olunub. Plenar zala buraxılan gündüz işığının miqdarı bu filtrlərin köməyi ilə ilin fəslinə və hava şəraitinə uyğun tənzimlənir. Qıfın daxilindəki ventilyasiya şaxtası plenar zalın havalandırılması üçün nəzərdə tutulub. Şaxtadan çıxan hava xüsusi istilik mübadilə sistemindən buraxılır. Bu, enerji sərfini azaltmağa imkan verir. Beləliklə, günbəz və konus həm heyranedici memarlıq elementi, həm də ekoloji avtonom enerji sisteminin tərkib hissəsidir.

Qeyri-adi mənzərələrə tamaşa edəndən sonra günbəzdən çıxıb yaxınlıqda yerləşən Brandenburq darvazalarına tərəf yönəldik. 225 illiyi bu yaxınlarda qeyd edilmiş Brandenburq darvazaları (1791-ci ildə tikilib) Berlinin və Almaniyanın ən məşhur rəmzidir. Uzun illər boyu ikiyə bölünmüş Almaniyanın və Berlinin rəmzi sayılan bu darvazalar 1989-cu ildən sonra ölkənin yenidən birləşməsinin təcəssümünə çevrilib. Yeri gəlmişkən, vaxtilə Sülh darvazaları adlanan bu darvazaların yanındakı ərazi indi həmişə izdihamlı olur. Buraya gələn hər kəs bu məşhur darvazalar fonunda “şelfi” çəkməyə çalışır. Darvazaların yanındakı meydanda çoxlu kafe və restoran var.

Biz isə proqramımızın növbəti məntəqəsinə - Berlin zooparkına tələsməliyik. Bu yerdə, icazənizlə, kiçik bir lirik haşiyə çıxıb Berlinin ictimai nəqliyyatından söz açmaq istəyirəm. Şəhərdə metro işləyir, avtobus, tramvay və qatarlar hərəkət edir. Adətən birinci olaraq turistlər əlçatan və sürətli nəqliyyat növü kimi metroya alışmağa çalışırlar. Elə biz də bu cür etdik, lakin tezliklə nəticə çıxardıq ki, Berlin metropoliteninin sxemini heç cür asan anlaşılan adlandıra bilməzsən. Hər halda dörd gün ərzində biz ona qətiyyən alışa bilmədik – stansiyalar çox qəliz yerləşdirilib. Məsələn, əgər Bakı, İstanbul və ya Dubay metrosunda lazım olan stansiyanı ötürsək, sadəcə növbəti dayanacaqda düşərək o biri tərəfə keçmək və geriyə qayıdan qatarla buraxılmış stansiyaya getmək olarsa, Berlində bu heç də asan deyil. Hələ bir neçə digər dəmiryol xətti arasında sizə lazım olan xətti və müvafiq istiqaməti axtarıb tapmaq lazımdır. Bəlkə Berlində çox qalandan sonra metro sxemi aydın olar. Lakin bizim kömək üçün müraciət etdiyimiz yerli sakinlərin də çoxu bu və ya digər stansiyaya keçmək üçün lazımi sxemi dərhal deyə bilmir, xeyli fikirləşir, variantları seçirdilər. Berlin metrosunun “katakombalarında” xeyli azdıqdan sonra qərara aldıq ki, turistlər üçün tramvay və avtobuslardan istifadə etmək daha asandır. 100 nömrəli turist avtobusu bizi Reyxstaqın qarşısındakı dayanacaqdan zooparka tez çatdırdı.

Berlin zooparkı 35 hektar ərazini əhatə edir və Almaniyanın ən böyük zooparklarından biridir. Dünyanın heç bir zooparkında bu cür miqdarda - 1500-dək heyvan növü (təxminən 15 000 sayda) təqdim olunmayıb. Hər gün zooparka 2,6 milyonadək adam gəlir. Zooparkda şir, pələng, ayı, o cümlədən ağ ayı, habelə kərgədan, begemot, zebr, zürafə və ekzotik faunanın digər nümayəndələri saxlanılır. Primatlar və insanabənzər meymunlar, habelə fillər üçün xüsusi pavilyonlar (“Elephantator”) ayrılıb. Zooparkın bütün ərazisi yaşıllıq və güllərə qərq olunur, beləliklə, gəzinti zamanı həm də yaxşıca dincəlirsən. Zoopark çox təmizdir və heç bir xoşagəlməz iy yoxdur.

Zooparka nəhəng akvarium ərazisi birləşir, onun üç mərtəbəsində nəinki balıqlar, həm də sürünən heyvanlar, amfibiyalar, həşəratlar və onurğasızlar təqdim olunur. Bu gözəl zooparka yaxşıca tamaşa etmək üçün azı yarım gün vaxt lazımdır. Zoopark ərazisindəki kafe və restoranlarda isə qəlyanaltı etmək olar.

Tropik adanın ağuşunda

Berlində olasan, amma “Tropical Islands” (“Tropik adalar”) əyləncə kompleksinə baş çəkməyəsən - bu çətin məsələdir. Avropanın ən böyük qapalı akvaparkı hesab edilən bu möhtəşəm kompleks paytaxtdan 60 km cənubda Şprevald meşəsinin əhatəsində yerləşir. Berlinin mərkəzi vağzalından qatarla buraya qırx dəqiqədən də az vaxta çatmaq olar. Sonra avtobus pulsuz olaraq sizi çox hissəsi nəhəng (sahəsi səkkiz futbol meydanına bərabər olan) günbəzin altında yerləşən kompleksin əsas qapılarının yanına çatdıracaq. Əvvəllər burada hərbi baza və dirijabllar üçün anqar yerləşib, indi isə palma ağacları, lianaları, hovuzları və küləşlə örtülü daxmaları buranı əsl tropik kurorta çevirib. Pavilyonun uzunluğu 360 metrdir, eni 210 metrə çatır. İlboyu akvaparkda havanın temperaturu +25 dərəcədən, suyun temperaturu isə +28 dərəcədən aşağı olmur.

Kompleksə baş çəkərək çoxsaylı hovuzlarda üzmək, təpəciklərdən, o cümlədən Almaniyada ən yüksək - hündürlüyü 25 metr olan təpəcikdən akvaparka düşmək, qumlu çimərlikdə qaralmaq, saunada dincəlmək və hətta hava şarında uçmaq olar. Nəhəng günbəzin altında təlimatçıların idarə etdikləri trosların köməyi ilə iki hava şarı yellənir. Arzu edən hər kəs ayrıca ödəniş etməklə quş uçuşu yüksəkliyindən kompleksi seyr edə bilər.

Kompleksin “Tropik adalar” adlanması təsadüfi deyil. Onun ərazisində həqiqətən də palmaların, orxideyaların, manqrov ağaclarının bitdiyi tropik yaşıllıq var. Özlüyündə bu, ərazicə dünyanın ən böyük yağışlı meşəsidir. Buradan axan süni çayda isə hətta xeyli böyük balıqlar və tısbağalar da görə bilərsiniz. Nohurun sahili isə çəhrayı flaminqoların oylağıdır.

Kompleksin xeyli hissəsi günbəzin xaricində yerləşir. Amazoniya adlı bu yeni sahədə çoxlu hovuz, cakuzi, şəlalə və attraksionlar var. “Ağ çay” attraksionu xüsusilə xoşumuza gəldi. Burada sürətli isti cərəyan sizi aparıb kiçik hovuza çatdıracaq.

İki saatdan bir pavilyonda tematik şoular keçirilir, axşamlar isə böyük su tamaşası olur, onun proqramı üç aydan bir dəyişilir. Uşaqlar tropik safaridə və animatorların hazırladığı müxtəlif müsabiqələrdə iştirak edə bilərlər.

Kompleksin ərazisində yerləşən çoxsaylı kafe və restoranlarda qəlyanaltı etmək olar. Maraqlıdır ki, “Tropical Islands” kompleksi ilboyu sutkada 24 saat açıqdır. Gündüz biletin qiyməti bir nəfər üçün 42 avrodur. Bu biletlə kompleks ərazisində 19 saat qalmaq olar. Arzu edənlər çadır tutar və gecəni burada qala bilər və ya kompleksin ərazisindəki otelin rahat nömrəsində otaq sifariş edə bilərlər.

Biz bunu etmədik və çıxışa tələsdik, axı səhər tezdən dəmir yolu vağzalına yola düşməli idik ki, marşrutumuzun sonuncu məntəqəsinə - Frankfurt-Mayn şəhərinə çataq.

Son söz əvəzi və ya Berlin səması

Berlində olduğumuz bütün müddətdə şəhərin səması məni daim təəccübləndirirdi. Buranın səması tamamilə qeyri-adi, başqadır. Ehtimal ki, regionun iqlim xüsusiyyətləri səbəbindən Berlin səması sanki boya ilə çəkilmiş kimi qeyri-adi koloriti ilə seçilir. Orada ağ və qara buludların qarışığından minlərlə çalar çulğaşır və bütün bunlar daxildən gələn, sayrışan nurla işıqlanır. Bu mənzərəni təsvir etmək üçün epitet seçmək çətindir. Məşhur alman kinorejissoru Vim Vendersin “Berlin səması” adlı gözəl filmi yada düşür. Əlbəttə ki, filmin mövzusu başqadır, amma hər halda burada bir oxşarlıq var.

Berlində çəkilən istənilən foto qəşəng alınır. Bu materialı müşayiət edən fotolara baxsanız, özünüz də bunu yəqin edərsiniz.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.