ELM VƏ TƏHSİL
Almaniyanın Frayburq Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Seyidov Almaniya ilə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb. Rektor Almaniyanın Azərbaycandakı səfirinin iki ölkə arasında əlaqələrin inkişafına və möhkəmləndirilməsinə dəstək göstərdiyini, əməkdaşlığın genişlənməsində səylərini əsirgəmədiyini qeyd edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışan rektor ADU-nun Frayburq Universiteti ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib.
Səmimi görüşə görə təşəkkür edən qonaqlar ADU ilə Frayburq Universiteti arasında əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Bundan sonra da əlaqələrin inkişafına əminlik ifadə olunub, ikitərəfli əlaqələrin genişlənməsində müəllim –tələbə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə ADU-da alman dilinin tədrisi və əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Qazaxıstanın Abay adına Milli Qazax Pedaqoji Universitetinin nümayəndəsi də iştirak edib.
Xatırladaq ki, sentyabrın 23-də Azərbaycan Dillər Universitetində Almaniyanın Frayburq Universitetinin tədris işləri üzrə prorektoru, professor Hans-Verner Huneke, həmin universitetin dosentləri Natalia Hahn və Marianne Schölerin moderatorluğu ilə “İmtahan etmək, yoxlamaq, rəy vermək” (“Prüfen, Testen, Begutachten”) mövzusunda metodik-didaktik seminar keçiriləcək.
Universitetlərarası əməkdaşlığın əlaqələndiricisi, müasir alman dili kafedrasının professoru Ulduz Aslanovanın təşəbbüsü və təşkilatçılığı ilə təkmilləşmə, interaktiv və müasir tədris metodları ilə xarici dil dərslərinin təşkili problemlərinin müzakirə olunacağı seminarın məqsədi bu sahədə mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı rəyləri öyrənməkdir.
Seminarda Azərbaycan Dillər Universiteti, Özbəkistanın Nizami adına Dövlət Pedaqoji Universiteti və Qazaxıstanın Abay adına Dövlət Pedaqoji Universitetinin təmsilçiləri məruzələrlə çıxış edəcəklər.
Seminar ADU və Frayburq Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir.