İDMAN
Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilmişdir VİDEO
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış, bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Vətənə gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazəni mərhum şahmatçının yaxınları və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri qarşılamışlar.
Vüqar Həşimov ilə vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində (Azərbaycan pr. 42a) saat 11.00-dan 15.00-dək təşkil olunacaqdır. Şahmatçı üçüncü Fəxri xiyabanda torpağa tapşırılacaqdır.
Vüqar Həşimov hələ kiçik yaşlarından şahmata böyük maraq göstərmiş, öz istedadı ilə fərqlənmiş və qısa müddətdə yüksək nailiyyətlər əldə etmişdir. O, yeniyetmələr arasında ölkə birinciliyinin qalibi olmuş, Azərbaycanı dünya və Avropa çempionatlarında layiqincə təmsil etmişdir. 1996-2002-ci illərdə gənc şahmatçımız 7 dəfə həmin yarışların müxtəlif əyarlı medallarını qazanmışdır. Mərhum idmançı yeniyetmə şahmatçıların Olimpiadasında milli komandamızın heyətində gümüş medala sahib olmuşdur.
Şahmatda qazandığı ilkin nailiyyətlərinə görə, 1998-ci ilin yanvar və dekabr aylarında ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş və mükafatlandırılmışdır.
Üç dəfə kişilər arasında ölkə çempionu olmuş Vüqar Həşimov 2001-ci ildən etibarən milli komandanın əsas heyətinə cəlb olunmuşdur. Milli komandamızın heyətində 3 dəfə Avropa çempionatında - 2007-ci ildə Yunanıstanda bürünc, 2009-cu ildə Serbiyada qızıl, 2011-ci ildə yenidən Yunanıstanda gümüş medallar qazanmışdır. 2009-cu ildə mərhum şahmatçının da üzvü olduğu yığmamız Avropa çempionu olduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.
Son 15 il ərzində o, çoxsaylı beynəlxalq turnirlərin qalibi, dəfələrlə dünya kuboku yarışlarının iştirakçısı olmuşdur. Bu illərdə o, dünyanın ən güclü 10 şahmatçısı sırasında yer almışdır. 2009-cu ildə isə dünyanın reytinq cədvəlində çox yüksək - 6-cı pilləyə qalxmışdır. 2011-2012-ci illərdə 2761 reytinqinə qədər yüksəlmişdir. O, şahmata olan böyük sevgisi, əzmkarlığı, özünə qarşı yüksək tələbkarlıq kimi keyfiyyətlərinə görə dünyanın ən qabaqcıl şahmatçıları arasında fərqlənirdi.
Vüqar Həşimov hələ çox gənc idi. Onu qarşıda çox böyük nailiyyətlər və yaradıcılıq uğurları gözləyirdi... Allah rəhmət eləsin!