ELM VƏ TƏHSİL
Almaniyanın Julius Kühn İnstitutunun əməkdaşı Azərbaycanda elmi ezamiyyətdədir
Bakı, 26 noyabr, AZƏRTAC
Almaniyanın Drezden şəhərində yerləşən Julius Kühn İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vadim Giriçev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda elmi ezamiyyətdədir. O, Azərbaycana Avropa Komissiyasının Mariya Küri Beynəlxalq Tədqiqatçı Mübadiləsi Proqramının STONE layihəsi çərçivəsində gəlib.
Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vadim Giriçev 14 günlük ezamiyyət müddətində bu elm müəssisəsinin meyvə bitkiləri laboratoriyasında meyvə ağaclarının genetik kolleksiyası və yabanı flora ilə tanış olacaq. Həmçinin biotexnologiya şöbəsinin əməkdaşları ilə birgə Azərbaycan və Avropa mənşəli moruq (rubus cinsi) nümunələrinin genetik müxtəlifliyini molekulyar markerlərlə qiymətləndirəcəkdir.